Azərbaycanda narkomaniyanın yayılmasının əsas səbəbləri – ÖLKƏMİZDƏ NARKOTİK BÖHRANINDAN ÇIXIŞ YOLU / II YAZI

Azərbaycan dövlətinin gündəmində hazırda əsas iki məsələ durur: ərazi bütövlüyümüzün tam təmin olunması və narkomaniyanın kökünün kəsilməsi. Stopnarkotik.az olaraq bu günə qədər bir çox ekspertlərlə apardığımız müsahibələrdə narkomaniyaya qarşı mübarizəyə toxunmuşuq. Demək olar ki, bütün ekspertlər narkotiklərin cənginə düşmüş cəmiyyətimizin xilas olmasının yolu kimi ilk növbədə maarifləndirmə zərurətini irəli sürürlər.

Bəllidir ki, biz cəmiyyət olaraq SSRİ-nin “şinelindən çıxmışıq” və o dönəmdə toplumun dövlətin təbliğat maşınında “yoğrulduğunu”, müəyyən bir istiqamətdə yönləndirlidiyini görmüşük. Tədris-təlim müəssisələrinin də bu məqsədə xidmət etdiyi bəlli idi. Sözsüz ki, bu yöntəmin müsbət və mənfi tərəfləri var. Amma bunu vurğulamalıyıq ki, əhalnin mənəvi tərəfdən tərbiyəsi və yönləndirliməsi xarici qüvvələrin yox, dövlətin monopoliyasında idi. Gəlin görək, indi durum necədir?

(Əvvəli bu linkdə: Narkomaniyaya qarşı mübarizə ilə QHT-lər, yoxsa dövlət məşğul olmalıdır?)

Əslində hərbi vətənpərvərliyin təbliği, milli ruhda yetişdirilmə baxımından bu konsepsiya bizdə də həyata keçirilə bilər. Çünki, yuxarıda dediyimiz kimi, narkomaniya və başqa neqativ hallara meylliklik ideoloji boşluq, mənəvi aşınmanın sadəcə bir təzahürüdür. Konsepsiyanın tərkibindəki sağlam həyat tərzinin, yad ideyalara və cinayətkarlığa qarşı mübarizənin təbliği öz-özlüyündə milli ruhda tərbiyəni təmin edəcək.

Narkomaniyanın ilkin səbəblərindən olan ailədəki uşaqlara üz verən travmalar isə Səhiyyə Nazirliyinin seqmentində həllini tapmalıdır. Necə ki, sahə həkimləri fəaliyyət göstərir, Səhiyyə Nazirliyinə tabe olan, ailələrlə məşğul olacaq psixoloqlar da bu mübarizədə rol oynaya bilər.

Toplumun narkotiklərə və başqa neqativ vərdişlərə qarşı “silahlanması” tədris sistemi çərçivəsində dərs vəsaiti kim proqrama salınacaq kitablarla dəstəklənə bilər. Məsələn, Sovet dönəmində məktəblərdə şagirdlərə yeniyetməlik dönəmində ailə dəyərlərini aşılayan “Ailə” adlı tədris vəsaiti var idi. İndi də bu səpgidə dərs vəsaitləri proqrama salına bilər. Yaxud narkotik və pis vərdişlərin zərərlərini aşılayan dərs kitabları tədris edilə bilər. Məsələn, psixiatr-narkoloq, yazıçı Asif Kəngərlinin müəllifi olduğu kitablar mühüm vəsaitlərdən hesab oluna bilər.   

Cəzalanma – satış məqsədi ilə deyil, şəxsi istifadə ilə yaxalanmış narkotik istifadəçisini qeydiyyata almaq, həbs əvəzinə məcburi reabilitasiyaya cəlb etmək, nəzarət altında saxlamaq, sosial kredit şkalasına cəlb etmək. Narkotik satıcılarını isə əmlakın müsadirəsi ilə cəzalandırmaq, reklam lövhələrində onları nümayiş etdirmək, biabır olmasını, tanınmasını təmin etmək, sosial kredit şkalasında qiymətləndirilməsi, bu şkalanın onun həyatını yönləndirməsi və s. uyğun cəza ola bilər. Habelə “əməkdar narkotik satıcıları”nın narkotik istifadəçilərindən ayrı saxlanılması da məqsəduyğundur. Düşünürük ki, yeniyetmələrin ayrı mərkəzlərdə reabilitasiyaya yönləndirilməsi, onların marağının doğru yöndə təmin olunması, boş vaxtın səmərəli məşğuliyyətlərlə keçirilməsinin hansısa qurumda koordinasiya edilməsi də nəzərə alınmalıdır.

Digər tərəfdən, narkomaniyanı tətikləyən daha bir səbəb kimi işsizlik önə çıxır. Bu amil müsahibələrin gedişində narkoloq-psixiatrların dilindən dəfələrlə səsləndirilib. İşsizlik, yetərsiz qazanc problemi bərabərində başqa sosial problemləri də gətirir. İşsizlik, yaxud normal əmək fəaliyyətinin olmaması Əfqanıstanda dolanışıq üçün torpağına tiryək əkən fermerlərin tərcihində və İranda minlərlə insanın dolanışıq xətrinə hamılıqla narkotik satıcısı “peşəsinə yiyələnən” ailələrin faciəsində öz sözünü deyir. İşsizlik faktorunun ölkəmizdəki narkoticarət şəbəkəsinin kiçik həcmli “əməkdaşları”nın – sıravi narkotik satıcılarının bu bataqlığa ilişməsində rolu olmamış deyil. Bu səbəbdən, məsələyə kompleks yanaşmaq insanın anadan olmasından yetişməsinə qədər olan fazada onu narkotik yoluna aparan cığırları kəsməkdə əsasdır.

Hazırda Avropada narkotik istifadəsi ilə yanaşı, “şəxsi istifadə üçün” narkotik saxlanılması da daxil olmaqla, ən ağır narkotiklər dekriminallaşdırılır. Bunun geniş yayılmış təcrübəsi Portuqaliyada tətbiq olunur. Amma iş o yerə çatıb ki, narkotikin kriminal əməllər siyahısından çıxarılmasının bəhrələrini Portuqaliya “yığıb-yığışdıra” bilmir. Belə ki, yaxası polisin əlinə keçməkdən xilas olmuş narkomanlar dövlətin onlara təqdim etdiyi reabilitasiyaya yaxın durmurlar. Dövlət narkotiki dekriminallaşdırmaqla onları həbsdən reabilitasiyaya yönəltmək istəyir, onlarsa bundan istifadə edərək “tam sürətlə narkotiklərə dalırlar”. Polis isə heç bir şey edə bilmir.

Avropa dövlətləri insanları narkotikdən qurtarmaqdansa, narkobaronların narkotikdən qazandığı gəlirləri vergiyə cəlb etmənin dərdindədir. Belə təsəvvür yaranr ki, hökumət narkotik istifadəsinin onların hüquq azadlığı olmasını tanıyır, onları bu fikirdən döndərmək, vaz keçirmək dərdində deyil. Sadəcə onları narkokafelərə doldurmaqla bundan da dövlət büdcəsinə vergi gəlməsinə çalışır. Elə, bir sıra Avropa dövlətlərində yaşayan ekspertlər də Avropanın narkotik siyasətinin iflasa uğradığını, qitənin narkotik baronlarının cənginə düşdüyünü, cəmiyyətin narkotik girdabında batdığını açıq səsləndirirlər. Odur ki, Avropanın narkotik siyasəti bizim üçün nümunə ola bilməz. Biz övladlarımızın, yaxınlarımızın, hətta qonşularımızın belə, başına gələnlərə laqeyd qala bilmərik. Bizi bu baxımdan Avropadan fərqləndirən çalarlar var və Azərbaycanın narkomaniyaya qarşı mübarizə konsepti milli zəminə əsaslanmalıdır.       

Asya ŞÜKÜROVA,

Stopnarkotik.az