Sumqayıtda evə silahlı basqın edərək üç nəfəri öldürüb, üç nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin məhkəməsi başlayır.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, cinayət işinə hakim Hafiz Əliyevin sədrliyi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Məhkəmənin hazırlıq iclası iyulun 10-na təyin olunub.
Qeyd edək ki, ötən il oktyabrın 28-də saat 05:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüblər.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Müşfiq Məhəmməd oğlu Tağıyev saxlanılıb.
Stopnarkotik.az