Azərbaycanda atasını öldürən oğuldan ŞOK SÖZLƏR: “Yeməyə tüpürürdü”

Ötən ilin 23 mart tarixində Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan 58 yaşlı Hacımirzə Aftilovu qətlə yetirən oğlu Sənan Aftilovun məhkəməsi başa çatıb.

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Sənan Aftilov ifadə verməkdən imtina edib.

Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadə elan edilib.

1998-ci il təvəllüdlü oğlan atasının onu bezdirdiyini, spirtli içki qəbul edib nalayiq hərəkətlər etdiyini, hətta evdə yedikləri yeməyə tüpürdüyünü deyib:

“Anam xəstə olduğundan xalamla birgə yaşayır, qardaşım da əsgərlikdədir. Bu səbbədən evdə atamla ikimiz yaşayırdıq. Atam Hacımirzə bir neçə ildir ki, tüfeyli həyat tərzi keçirirdi, spirtli içki qəbul edib daim söyüşlər söyürdü, yemək bişirib onun qarşısına qoyanda səbəbsiz yerə yeməyin içinə tüpürürdü. Növbəti dəfə Giləzi qəsəbəsində yerləşən mağazadan 1 litr həcmində “İDEA” markalı 7 manat məbləğində araq alaraq evə gətirmişdi. Axşama kimi bütün arağı içdi. Gecə saat 23 radələrində nədənsə taxta parçasını götürüb mənə hücum etdi”.

Atasını qətlə yetirən gənc bildirib ki, atasının onu öldürəcəyini düşünərək taxtanı ondan alıb və çoxsaylı zərbələr endirib. Nəticədə Hacımirzə Aftilov aldığı xəsarətlərdən ölüb. Sənan isə heç nə olmamış kimi əmisigilə gedərək gecəni orda keçirib. Növbəti gün isə H.Aftilovun qətlə yetirilməsi məlum olub.

Sənan Aftilovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə açılmış işi 120.1-ci maddəyə tövsif edib. İstintaq oğulun atasını qəsdən öldürməsi qənaətinə gəlib və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 11 il həbs cəzası təyin edilib.