Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşına hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində adam oğurluğu, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Pakistan vətəndaşı, 1992-ci il təvəllüdlü Ullah Naeem Xan Navvabın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Pakistan vətəndaşına 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Qeyd edək ki, rəsmi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşı Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu ilə məşğul olmalarına dair məlumat əldə edilib. Məlumata əsasən, araşdırmalar zamanı müəyyən olunub ki, Pakistan vətəndaşı, 1992-ci il təvəllüdlü Ullah Naeem Xan Navvab digərləri ilə cinayət əlaqəsinə girib qabaqcadan sövdələşməklə, həmin ölkənin vətəndaşı Şeraz Muhammad Afzal Muhammadı Kanada dövlətinə getməsi üçün vizasının təsdiq edilməsi adı altında aldadaraq Azərbaycan Respublikasına gəlməsinə nail olub, mütəşəkkil cinayətkar dəstə üzvlərinin əvvəlcədən əldə etdikləri razılıq əsasında kirayəyə götürdükləri Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən evə aparıb, qollarını və ayaqlarını bağlayaraq orada saxlayıb və azad edilməsi müqabilində onun Pakistanda olan yaxın qohumlarından külli miqdarda pul vəsaiti tələb ediblər.

Bildirilib ki, DTX-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törədən şəxslər Qəbələ rayonunun Vəndam qəsəbəsindəki evdə cinayət başında saxlanılıb, Şeraz Muhammad Afzal Muhammad isə azad edilib. Həbs olunan Ullah Naeem Xan Navvab və digərləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə adam oğurluğu) maddələri ilə cinayət işi başlanılıb./pravda.az