“Azərbaycan Cənubi Dağıstanı ələ keçirir…” – “SADVAL” SEPARATÇILARI PATRUŞEVƏ MÜRACİƏT EDİB  / II YAZI

Rusiyada kök salmış “Sadval” separatçı hərəkatının liderləri bir neçə həftə əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə ünvanlanmış “analitik qaralama” tərtib ediblər.

Stopnarkotik.az xəbər verir ki, müəlliflər ciddi-cəhdlə Kremli Dağıstanın qalan xalqlarına qarşı qoymağa çalışır, onları etimadı doğrultmamaqda ittiham edirlər:

“Ləzgi qrupuna aid xalqlar istisna olmaqla, bütün Dağıstan xalqları (ilk növbədə avarlar, kumıqlar və noqaylar) dərhal Azərbaycanın tərəfinə keçəcək və lazım gəlsə, hətta Rusiya ilə də vuruşacaq”.

Qeyd olunur ki, “Rusiyanın əsl vətənpərvərləri yerli ləzgi xalqlarının nümayəndələridir (ləzgilər Rusiyanın Cənubi Qafqazda yeganə gücü və dayağıdır)”.

Yazıda Ukraynaya qarşı müharibədə ləzgilərin iştirakı xüsusi vurğulanır: “Məhz ləzgi xalqlarının nümayəndələri, ən çox Dağıstan xalqları Donbassda, xüsusi hərbi əməliyyatda, üstəlik, ön sıralardadırlar".

Sənədin əsas məqsədi Kremli Azərbaycanın guya “Ermənistan və Cənubi Dağıstanı ələ keçirmək planları”na inandırmaq üçün Rusiya Federasiyası rəhbərliyinin paranoik qorxuları üzərində oynamaqdır: “Azərbaycan hakimiyyəti Rusiya sülhməramlılarının müddətinin bitməsini gözləməyəcək, tez vaxtda Ermənistana qarşı hərbi əməliyyatlara başlayacaq və bununla da həm Rusiya sülhməramlı qüvvələrinin, həm də Ermənistan ərazisindəki hərbi bazanın (yəqin 102-ci hərbi baza nəzərdə tutulur-müəl.) təhlükəsizliyini sual altına qoyur. Əgər yuxarıdakı hadisələr baş versə ki, hər şey buna gedir, o zaman-İrəvan şəhərinin Azərbaycanın əlinə keçməsilə erməni xalqının 2-ci soyqırımı baş vercək; Rusiya təkcə siyasi və mənəvi deyil, həm də insan itkilərinə məruz qalaraq Cənubi Qafqazdan çıxmağa məcburdur. Bu hadisələrdən sonra pantürkist Azərbaycan Türkiyə ilə birlikdə Cənubi Dağıstana mümkün qoşun yeridilməsi və Dərbənd şəhərinin tutulması ilə öz iddialarını Rusiya Federasiyasının qarsına qoyacaq”.

Bu “dəhşətli” proqnozlardan çıxş edərək, “Sadval” liderləri təklif edir:

1. Oliqarxların - Q.Nisanov, A.Ağalarov, V.Ələkbərovun vəsaiti hesabına maliyyələşdirilərək, Cənubi Dağıstan (Dağıstan Respublikası) əhalisindən ibarət müharibə vəziyyətinə uyğun olaraq əlavə 3 (üç) hərbi briqada yaradılsın.

2. Həm Rusiyada, həm də Azərbaycan ərazisində “Sadval” nümayəndələri vasitəsilə Dağlıq Qarabağın və sülhməramlı kontingentimizin blokadadan çxarılması məqsədilə Azərbaycan rəhbərliyinə təzyiqləri artırın.

3. Ləzgi xalqının vətənpərvər qüvvələrinin təşkilatı olan-Ümumrusiya İctimai Hərəkatına - "Sadval"a - dəstək olmaq, onun federal səviyyədə qeydiyyatını təşviq etmək.

4. Azərbaycanın Cənubi Dağıstanla həmsərhəd rayonlarının rəhbərləri və Dərbənd şəhərinin meri vəzifələrinə “Sadval”a yaxın vətənpərvər qüvvələrin nümayəndələrinin təyin edilməsinə şərait yaradılsın.

Xatırladaq ki, ötən ayın sonunda bu “analitik” cızma-qaranı imzalayanlardan biri, Azərbaycanda sərhəd zastavasına hücuma hazırlaşdığına görə 13 il həbs cəzası çəkən Rusiya Federasiyasının vətəndaşı Asul Qasumov sosial şəbəkələrdə ləzgi dilində bu barədə müraciət ünvanlayıb. O, may ayında “öz vahid milli ordusunu və hərbi şurasını yaratmaq” və sonra “Azərbaycandan ləzgilərə ikinci (Rusiya) vətəndaşlığı verilməsini tələb etmək” üçün “Ləzgi konfransı” keçirməyi planlaşdırdığını açıqlamışdı. Ortaya belə br sual çıxır: niyə Azərbaycan Laçın yolunda keçid məntəqəsi qurduqdan sonra “Sadval” dilə gəldi? Rusiyada kök salmış, rus vətəndaşı olan separatçıların ermənilərin qara-qışqırıq saldığı “Artsaxın bloklanması” məsələsinə nə aidiyyatı var?

Zənnimizcə, məsələnin təfərrüatını anlamaq üçün politloq olmağa gərək yoxdur. “Sadval”ın dilə gəlməsi komandasının ön planda İran-Ermənistan tandemi, eləcə də Moskva tərəfindən verildiyi aydındır. Əlbəttə, bölgədə sülhün bərqərar olmasının Kreml tərəfindən arzuolunmazlığı da aydındır. Yoxsa, bu cızma-qaranın 2-ci bəndində “sülhməramlı kontingentin çıxarılması” vurğulanmazdı. Bəllidir ki, Rusiyanın hakimiyyət eşalonunun üst qatlarında kifayət qədər erməni oturub. Bu səbəbdən Rusiya hakimiyyətindəki ermənilərin “Sadval”a “danışmaq komandası” verməsi şübhə doğurmur. İranın məzhəb fərqi səbəbilə koordinasiya məsələsini İrəvana, Rusiyadakı hakimiyyətdə oturan ermənilərə və erməni lobbisinə həvalə etməsi də məntiqlidir.

Üstəlik, Azərbaycana Qarabağda tam möhkəmlənməsi Tehran və Moskvanı açıqca hiddətləndirib. Şübhə yoxdur ki, onlar Bakıya mane ola bilmirlər və Qarabağda möhkəmlənməni əngəlləmək üçün əl-ayağa düşüb və əllərində olan işə yarayan və yaramayan bütün maşalardan istifadə edirlər. Amma unudurlar ki, Azərbaycan öz sinəsində böyütdüyü, sahibləndiyi hər bir etnik qrup və xalq ona doğmadır və o bu amildən qidalanır. Azərbaycan ona mozaika kimi bəzək vuran hər bir etnik qrupun özüdür, varlığıdır.

Stopnarkotik.az

I YAZI BU LİNKDƏ: Azərbaycana qarşı “Sadval kartı” işə salınır – Bu dəfə Rusiya və İran birgə hərəkətə keçib…