Azərbaycana qarşı “Sadval kartı” işə salınır – Bu dəfə Rusiya və İran birgə hərəkətə keçib…

Azərbaycanın Laçın yolunda sərhəd keçid məntəqəsini işə salması bədxahların arzularını gözündə qoydu. Artıq Xankəndi məsələinin çözülməsi son fazadadır. Rəsmi Bakının bu uğuru Tehran-Moskva oxunun “Qarabağ kartı”nı puç etdi. Odur ki, bu ikili indi özlərinə yeni kart axtarışındadır.

Bu günlərdə İranın Dağıstanda aviasiya xabı yaratmağı planlaşdırması xəbər verildi. Tehran coğrafi yaxınlığa görə Rusiyada aviasiya qovşağı yaratmaq üçün Dağıstanı münasib ərazi kimi gözdən keçirir. İranın “Pars Golden Sky” Özəl Səhmdar Cəmiyyətinin (PGSC) təklif etdiyi qovşaqda həmçinin təyyarələrin və ehtiyat hissələrinin təmiri müəssisələrinin açılması və yük qovşağının təşkili daxildir. Bu, Tehran-Moskva ikilisinin niyyətinin rəsmi təqdimatıdır. Amma məsələ bu qədər sadə və bəsitdirmi?

Fikrimizcə, yox. Çünki İranın Dağıstanda aviasiya xabı yaratmaq niyyətini açıqlamasından sonra, "təsadüfən" Rusiyanın Azərbaycanın Qarabağdakı fəaliyyətini pisləməsi və Rusiya "sülhməramlı" hərbi kontingentinin komandanlığının dəyişdirilməsi fonunda Azərbaycanın şimal-şərq rayonlarını ələ keçirməyi hədəfləyən separatçı hərəkatın keçmiş fəalı, Rusiya vətəndaşı Asul Qasumov peyda olur və may ayında "ləzgilərin problemlərini həll etmək" üçün "konfrans" anons edir. Məlumat üçün deyək ki, ləzgilərin əksər hissəsi Dağıstanda yaşayır, az qismi isə Azərbaycanın şimal-şərq hissəsində məskunlaşıb.     

Hərəkət planı

Qasumov ləzgi dilində bu proqramı açıqlayıb:

- Konfransda xalq idarəçilərini seçmək istəyirəm: Milli Şura, Ruhani Şurası, Ağsaqqallar Şurası və Hərbi Şura... Onlar özlərinin vahid milli ordusunu və Hərbi Şurasını yaratmağa borcludurlar”.

- Bütün bunları həyata keçirmək üçün bizim maliyyə xəzinəmiz olmalıdır... Bizim öz xəzinəmiz olmalıdır və kim nəylə bacarırsa kömək etməlidir...

- Yaxın vaxtlarda Ləzgi Ticarət Evi yaratmalıyıq. Bunun üçün Rusiyanın hər tərəfinə səpələnmiş bütün ləzgi iş adamlarını toplamaq lazımdır.

- Konfransdan sonra referendumlar təyin edəcəyimiz qurultaylar təşkil edəcəyik, ondan sonra xalqımızın tələblərinin nə olduğuna qərar verəcəyik... Referendumlardan sonra isə tələb edəcəyik ki, Azərbaycandan ləzgilərə ikinci vətəndaşlıq versin.

Burada bir haşiyə çıxaraq məhz bu tələbin hansı anlama gəlməsinə izah gətirək. Rus vətəndaşlığı olan ləzgilərə Azərbaycan vətəndaşlığının verilməsi, yəni onlara ikili vətəndaşlıq verilməsi nə deməkdir? Bu o deməkdir ki, bu şəxslərin əliylə Rusiya rəsmi Bakıya problem yaratmaq şansı qazanacaq.

Diqqət yetirin: milli azlıq nümayəndələrinə Rusiya Federasiyası vətəndaşlığının verilməsi və silahlı birləşmələrin hazırlanması planları ilə eyni vaxtda referendumların keçirilməsi Donbasın ilhaq sxeminin təkrarıdır. Hansı ki, Qazaxıstanda bu niyyət ortaya qoyulmuşdu.

Azərbaycana və ləzgilərə münasibət

“Azərbaycanlılar ləzgi xalqına, torpaqlarımıza, Vətənimizə nüfuz edirlər... Azərbaycan bizə qarşı çürük siyasət aparır... Düşmənlərimizlə vuruşmalıyıq, düşmənlərimizə gücümüzü göstərməliyik!”, - deyə Asul Qasumov bəyan edir.

“Mən gəlib hamınızı oradan qovacağam, yalnız ləyaqətli ləzgiləri saxlayacağam, bizi dəstəkləməyən ləzgiləri isə... ləzgi torpaqlarında yaşayan və eyni zamanda xalqa dəstək verməyənlər cəzalandırılmalıdır və biz onları qovacağıq!”, - Qasumov əlavə edir.

O, daha sonra Azərbaycanı açıq şəkildə təhdid edir: “Mən ləzgiləri konfransa toplamalı, Hərbi Şura seçməliyəm, çünki NATO və Amerika onları məhv etməyə çalışdığı üçün sabah Rusiyada və Qafqazda nə baş verə biləcəyini bilmirik... Ona görə də biz vətənin problemlərini bu gün həll etməliyik. “Tsap”ların (azərbaycanlılar üçün təhqiramiz ifadə) tezliklə respublikası qalmayacaq və sağ qalanların hamısı İrana qaçacaq. Onların torpağı oda bürünəcək”.

Məlumat üçün bildirək ki, Asul Qasumov “Sadval” hərəkatının keçmiş fəal iştirakçısıdır. Onun təmsil olunduğu hərəkat ya ləzgi rayonlarının Rusiya Federasiyasından və Azərbaycandan ayrılaraq müstəqil Ləzgistanın yaradılmasını, ya da ləzgilərin yaşadığı Azərbaycan ərazilərinin Rusiyaya daxil olmasını müdafiə edirdi. O, 1993-cü ildə “Sədval” üzvləri tərəfindən “Ləzgistanın imamı” seçilib. Sonuncu müraciəti zamanı bir neçə dəfə qeyd edib ki, özünü hələ də “Azərbaycan və Dağıstan ləzgilərinin imamı” hesab edir.

Qasumov 1996-cı ildə Azərbaycanın şimal-şərqində həbs edilib, bir il sonra isə sərhəd zastavasına hücuma hazırlaşdığına görə 13 il həbs cəzasına məhkum edilib. Həbsxanadan çıxandan sonra Dağıstana qayıdıb.

Son illər o, ictimai fəallıq göstərmir. Bu həftə sosial şəbəkələrdə və rus ləzgilərinin idarə etdiyi YouTube kanallarında azərbaycanlı həmtayfaları arasında təbliğat aparmaq istəyən icmalar Qasumovun bu müraciətini tirajlamağa başlayıblar.

İndi Ukraynada müharibə fonunda Dağıstanın əhəmiyyətinin artmasına baxaq. Rusiyanın idxal-ixrac yük daşımalarının böyük hissəsi Dağıtandan keçməklə, cənuba istiqamətlənib. Mahaçqala Dəniz Ticarət Limanının Avrasiyada geostrateji əhəmiyyəti artıb. Mahaçqala vasitəsilə Xəzər boyu Qazaxıstandan keçməklə Çinlə, İranla, İran limanları vasitəsilə isə Ərəb Şərqi və Hindistanla, quru yolu ilə Azərbaycanla, onun vasitəsilə də İran və Türkiyə ilə yük daşımaları artır. Eyni zamanda, Rusiya və Belarusu Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizi Türkiyə, Azərbaycan və Dağıstan ərazisindən keçir. 

Hələ ötən ilin oktyabrında informasiya var idi ki, İran hökuməti nümayəndə heyəti Dağıstan hökumətinin sədr müavini ilə Xəzər dənizində Mahaçqala limanının inkişafında iştirakla bağlı danışıqlar aparıb.

Ötən ilin senytabrında İran hər ay ərazisinə yük daşınmasını ikiqat artıqmağa imkan verən öz gəmi şirkətini istifadəyə verdi. Taxıl terminalı yenidən qurulur. İranla Qazaxıstana istiqamətlənən avtomobil-bərə marşrutları inkişaf etdirilir. Başqa sözlə, Mahaçqala Rusiyanın Azərbaycana, Yaxın Şərq və Cənubi Asiya ölkələrinə qapısıdır.

16.09.2022-ci il tarixdə Mahaçqalada İran Ticarət Evinin açılışı oldu. 2022-ci ilin 9 ayı ərzində İrandan sementin daşınması 2,2 dəfə (130 min tondan çox), iranlılar üçün taxılın daşınması 2021-ci illə müqayisədə 40% artıb. 2022-ci ilin yanvarın 22, 22-də Dağıstan Respublikası Baş nazirinin müavini İran nümayəndə heyəti ilə danışıqlar aparıb - Mahaçqala limanının modernləşdirilməsində iranlıların iştirakı müzakirə olunub. Bu faktları çox sadalamaq olar. Beləliklə, İran Rusiyanın Xəzərdəki əsas limanı ilə intensiv əlaqələr qurur. Və artıq Həştərxandakı Solyanka limanının səhmlərinin 53%-i İslam Respublikasına məxsusdur. Solyanka Volqadakı 15 limanın ən böyüyüdür, Belarus və Rusiya Federasiyasından Hindistana tranzit Solyanka limanından keçir.

Dağıstan ətrafında vəziyyət Azərbaycan və İran arasında artan gərginlik fonunda (Bakı və Ankaranın Türkiyəni türk postsovet respublikaları ilə birbaşa əlaqələndirmək üçün nəzərdə tutulmuş Zəngəzur dəhlizinin planlarına görə) daha da gərginləşir. İran Dağıstanla fəal ticarət əlaqələri qurur və hakimiyyətə yaxın media vaxtaşırı onun cənub bölgələrini (Dərbəndə qədər) özlərinin itirilmiş şimal əraziləri hesab edir.

İranın “Homa” aviaşirkəti Tehran-Bakı təyyarə reysini açır - AviaTravel.AzTehranın Dağıstanda aviasiya xabı qurması da məsumcasına bir təşəbbüs deyil. Nəzərə alsaq ki, İran hazırda rus ordusunu PUA-larla təchiz edir və bu niyyətin rəsmi məramı "təyyarələrin və ehtiyat hissələrinin təmiri müəssisələrinin açılması" kimi qələmə verilir, təxmin etmək olar ki, bu aviasiya xabında elə PUA-lara texniki xidmət göstəriləcək. Bəlkə də burada latdan-altdan PUA istehsalı da başlana bilər. İranın daha da irəli gedərək pərdəarxasında Moskvanın köməyi ilə şiəliyin yayılması üçün Dağıstanda baza yaratmaq, Azərbaycanın arxa cəbhəsində dayaq yaratmaq niyyətinin ürəyindən keçirmədiyi məlum deyil. Daha doğrusu, İranın ürəyindən elə bu keçir. Sadəcə, Azərbaycana qarşı Tehran-Moskva tandeminin "sadvalçı" Asul Qasumov kartında əsas ideoloji rol hələ ki, Moskvaya aiddir, İran isə arxa planda durur. Məlum olduğu kimi, ləzgilər islamın sünni məzhəbinə aid olduqları üçün İranın Dağıstandakı azərbaycanlıların arasında təbliğat aparacağı daha məntiqlidir. Bu da o anlama gəlir ki, gələcəkdə İrandan qaynaqlanan zəhərli məzhəb təəssübkeşliyini körüklənməsi ilə Azərbaycan üçün "neqativ sürpriz"lər ortaya çıxa bilər. Burada son günlərdə İranın Azərbaycandakı maşası olan "Hüseyniyyun" terrorçu qruplaşmasının rəhbəri Orxan Məmmədovla Tohid İbrahimbəylinin Qumda saxlanılması və İran XİN sözçüsü Naser Kənaninin bu məsələyə cavabı diqqətəlayiqdir: "Verdiyiniz suala cavab olaraq bildirim ki, məsələnin təfsilatından və ümumi gedişatından xəbərim yoxdur. Yayılan xəbərlər bəzən dəqiq olmur və ya bunun arxasında xüsusi motivlər dayanır. Ümumiyyətlə, qanun pozuntusuna yol verən istənilən şəxs barəsində - istər iranlı, istərsə də əcnəbi vətəndaş olsun- təbii ki, müvafiq orqanlar tərəfindən lazımi tədbirlər görüləcək və bunda istisnalar yoxdur".

İran yaratdığı agentura şəbəkəsinin hüceyrələrini niyə ələ versin? Görünür, Azərbaycan DTX-sının İranın agentura şəbəkəsini ifşasından və narkotrafikin qarşısının alınmasından sonra Tehran işinə yarayacaq yeni zəhərli hüceyrələr yaratmağa məcburdur. Daxildəki çaxnaşmalar isə buna vaxt qoymur və Tehran Moskvanın ərsəyə gətirdiyi "Sadval" kozırına möhtacdır. Bu səbəbdən, Tehran Dağıstanda aviasiya xabı altında baza-hərbi dayaq nöqtəsi qurur. "Qum"dan idarə olunan oxun Moskva ilə birgə “Sadval” kartından Azərbaycanın arxa cinahında yararlanmayacağına zəmanət yoxdur.

Stopnarkotik.az

P.S. Mövzunu davam etdirəcəyik. Bizi izləyin.