Sosial şəbəkələrdə endirimli onlayn xarici dil kursu təşkil edəcəyinə dair elan yerləşdirərək dələduzluq edən 27 yaşlı Azər İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-dən Stopnarkotik.az-a bildirilib ki, o, təsisçisi olduğu “iamzerv academy”-nin sosial şəbəkə hesabında real dəyərindən qat-qat aşağı qiymətə kurslar təşkil etdiyi ilə bağlı elan paylaşıb. Daha sonra zərərçəkənlər 50-600 manat aralığında pul vəsaitlərini A.İsmayılovun kartına köçürüblər. Saxlanılan şəxs pulları ələ keçirəndən sonra zərərçəkənlərlə əlaqəni kəsib.
A.İsmayılovun əməlləri barədə daxil olan şikayətlər üzrə Polis İdarəsində araşdırmalar davam etdirilir.
***11:36
İngilis dili müəllimi kimi fəaliyyət göstərən Azər İsmayılov saxlanılıb.
Stopnarkotik.az milli.az-a istinadən xəbər verir ki, Azər İsmayılov vətəndaşların çoxsaylı şikayətlərindən sonra saxlanılıb.
Belə ki, onun rəhbərlik etdiyi "iamzervacademy" kimi tanınan dil kursu vətəndaşların 3 aylıq ödənişlərini əvvəlcədən alsa da, dərslər keçirilməyib.
50-dən çox şəxsin bu yolla aldadıldığı bildirilir.
Qeyd edək ki, Azər İsmayılovun sosial şəbəkələrdə səhifəsini bir sıra məşhur bloggerlər və müğənnilər də reklam edib. Bu yolla vətəndaşların inamını qazanıb.