“Avropada tərəddüd etməyə başlayırlar...” - Makron Putinlə görüşməyə hazırdır, amma...

ABŞ və Avropa ölkələrinin hakimiyyət orqanları Ukraynaya dəstəyin davam etdirilməsinin məqsədəuyğunluğuna şübhə ilə yanaşırlar. 

Bunu Fransa Prezidenti Emmanuel Makron “France 5”-ə müsahibəsində deyib.

Bununla yanaşı, Makron deyib ki, Ukraynaya yardım davam etdirilməlidir. Lakin Fransa başçısı Ukraynanın qələbəsinə yox, Rusiyanın qalib gələ bilməməsinə nail olmağın vacib olduğunu qeyd edib: "Avropada tərəddüd etməyə başlayırlar. Hiss edirəm ki, ABŞ-də də tərəddüd edirlər. Amma biz Kiyevin təhlükəsizliyini ən mühüm sahələrdə dəstəkləməyə və gücləndirməyə davam etməliyik. Biz Ukraynanı dəstəkləməyə davam etməliyik, çünki bu, bizə sülh şəraitində yaşamağa imkan verəcək. Biz Rusiya ilə müharibə aparmırıq. Lakin Rusiyanın qalib gəlməsinə imkan verməməliyik".

Makron əlavə edib ki, bütün bu baş verənlərin fonunda “mühüm qərarlar” qəbul edilməlidir. Ancaq nəyi nəzərdə tutduğunu və bu qərarların nədən ibarət olduğunu deməyib. Fransa başçısı Ukrayna ilə sülh danışıqlarına başlayacağı təqdirdə Putinlə Parisdə görüşməyə hazır olduğunu söyləyib.

Qeyd edək ki, son bir neçə ayda Qərbdə Ukraynaya yardımın ayrılması ilə bağlı problemlər yaranıb. Bu, ABŞ-də xüsusilə nəzərə çarpır. Hətta vəziyyət o yerə çatıb ki, ABŞ Prezidenti Co Bayden şəxsən respublikaçıları problemli məsələlərdə nəhayət razılığa gəlməyə və Kiyevə yardıma səs verməyə çağırıb. Dövlət katibi Antoni Blinken də eyni tələblə çıxış edib./azpolitika.info