Avropa Məhkəməsi iki hərbi əsirimizlə bağlı şikayəti rədd etdi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ötən ay azaraq Ermənistan Respublikasının sərhədini keçən iki Azərbaycan vətəndaşının - hərbi qulluqçuların qohumlarının Ermənistan hökumətinə qarşı müvəqqəti tədbirin tətbiqi barədə müraciətini Avropa Məhkəməsinin Qaydalarının 39-cu maddəsinə uyğun olaraq rədd edib. Erməni mediasının yazdığına görə, bu xüsusda Ermənistanda 2 azərbaycanlı hərbçiyə qarşı yaşama və hüquqa zidd münasibətin təzahürləri əsas götürülərək, İrəvana qarşı işgəncədən çəkinmək öhdəliyi əsasında müvəqqəti tədbirlərin tətbiqi üçün Avropa Məhkəməsinə vəsatət göndərilib.

“Lakin Ermənistan hökuməti Avropa Məhkəməsinə Azərbaycan hərbçilərinin konvensional hüquqlarının Ermənistan Respublikasında lazımi qaydada təmin edilməsi barədə düzgün mövqe təqdim edib. Bununla bağlı Ermənistan hökuməti Avropa Məhkəməsinə müvafiq sübutlar təqdim edib. Avropa Məhkəməsi Ermənistan hökumətinin mövqeyinə əsaslanaraq, Azərbaycan hərbçilərinin yaxınlarının Ermənistan Respublikasına qarşı müvəqqəti tədbirin tətbiqi ilə bağlı müraciətini rədd edib”, - deyə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəliyinin bəyanatında deyilir.

Göründüyü kimi, adında "ədalət" sözü olan məhkəmə hərbçilərimizə qarşı bunca işgəncə faktları, o sırada video və foto sübutlar ola-ola ermənipərəst qərar çıxarıb. Görəsən niyə?

Xatırladaq ki, bu il aprelin 10-da Naxçıvan istiqamətində yolunu azaraq Ermənistan tərəfə keçən Aqşin Bəbirov və Hüseyn Axundov işgəncələrə məruz qalmaları azmış kimi və dərhal Azərbaycan tərəfinə təhvil verilmək əvəzinə (analoji hallarda Azərbaycan indiyədək 10 erməni əsgərini qeyd-şərtsiz geri qaytarıb!), onlara qarşı absurd “cinayət işləri” açılıb. Artıq hərbçilərimizdən birinə - Aqşin Bəbirova qondarma ittihamlar əsasında 11 il yarım iş “kəsilib”. Hüseyn Axundov isə üstəlik qətldə suçlanır.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Azərbaycan tərəfin bumeranq effekt verən addımlar atmasını çox vacib sayır: “İki əsirimizin yaxınlarının Avropa Məhkəməsinə Ermənistanla bağlı etdiyi müraciətin rədd edilməsinin arxasında Ermənistanın mövqeyini müdafiə edən qüvvələrin əlinin olması birmənalıdır. Ermənistanda, Avropada bu əsirləri müharibə vaxtı Azərbaycana əsir düşən və konkret cinayətlərdə əməlləri sübut olunmaqla cəzalar olanlarla müqayisə edilməsi Azərbaycanı şantaj etmək deməkdir. Bununla onlar həm Azərbaycan ordusunu ”suveren" Ermənistan ərazisinə təcavüz edən kimi göstərməyə cəhd edirlər, həm də gələcəkdə iki əsirimizlə cinayətləri sübut olunmuş və cəzalarını almış erməni terrorçuları ilə dəyişməyi düşünürlər.

Bu şəkildə planı anlamayan, yaxud anlamaq istəməyən Avropa Məhkəməsinin qərarına, yumşaq desək, təəssüf etmək lazımdır və bunun üzərinə getməklə onların yanlış yolda olduqlarını ifşa etmək hazırda əsas işimiz olmalıdır. Bizim iki əsgərimiz hərbi əməliyyatlar zamanı əsir düşməyib. Azıb və istiqaməti itirən əsgərlər tutulan ərəfədə və zamanda silahlı müqavimət göstərməyiblər, xüsusi hərbi tapşırıq həyata keçirməyiblər. Bu faktlar hamıya məlumdur. Üçtərəfli sazişdən sonra dəfələrlə erməni əsgərləri Azərbaycan ərazisində saxlanılıblar və araşdırmadan sonra onlar sonradan geri qaytarılıblar. Hansıların ki, cinayətləri olub, ölkəmizin ərazisinə konkret tapşırıqlarla gəliblər, onlar barəsində tədbir görülüb. Faktlar isə həm Ermənistana, həm də beynəlxalq təşkilatlara təqdim olunub.

Amma Azərbaycan tərəfi heç vaxt təsadüfən sərhədi keçən erməni əsgərlərinə qarşı hər hansı zorakılıq göstərməyib. Bunları azad olunub qayıtdıqdan sonra həmin əsgərlərin özləri də etiraf etmişdilər. Düşünürəm ki, Avropa Məhkəməsinin bu qərarı gələcəkdə Ermənistana bizim əsirlər müqabilində öz cinayətkarlarını dəyişmək yolunda bir növ dəstəkdir. O səbəbdən Azərbaycan tərəfi bizim əsirlər hərbi forma daşısalar belə, əsir düşdüyü vəziyyəti nəzərə almaqla, sərhədi keçməklə hər hansı silahlı insidentdə iştirak etməmələrini əsas götürərək onların dərhal azad olunmalarını tələb etməlidir. Əks halda bildirməlidir ki, bu president bumeranq effekti ilə qarşı tərəfə qarşı təqdim oluna bilər. İndiyədək Ermənistan tərəfdən istər mülki şəxs, istərsə də, hərbiçilər tez-tez ərazilərimizə keçib. Dediyim kimi, onlar geri qaytarılıb. Bundan sonra isə başqa cür ola bilər və hesab edirəm ki, olmalıdır".

Elşən Mustafayev: “Bu presedent bumeranq effekti ilə qarşı tərəfin əleyhinə işləyə bilər

Hüquqşünas Əsabəli Mustafayev istənilən halda bu müraciətlərin müsbət tərəflərinin çox olduğunu söylədi: “Hər bir müraciət üzrə mütləq şəkildə məhkəmənin qərarı olur. Burada da yəqin ki, məhkəmə qərar qəbul edib. Onu da müraciət edənlərə göndəriblər. Həmin qərarda nələrin yazıldığını təəssüf ki, bilmirəm. Ona görə də, tam şərh verə bilmərəm. Yəqin ki, göndərənlərin nümayəndələri olub. Hansılar ki, o şikayəti yazıblar. O şəxslər də danışsalar, daha yaxşı olardı. Amma Avropa Məhkəməsinin 39-cu maddə üzrə fəaliyyət praktikasını bildiyimdən belə deyə bilərəm. Məhkəmə yəqin hesab edib ki, hal-hazırda, yəni müraciət edilən vaxtı əsgərlərin həyatına, onların sağlamlığına təhlükə yoxdur, onlar sonradan işgəncələrə məruz qalmayıblar. Onlara belə məlumatı Ermənistan tərəfi də verə bilər. Ola bilsin ki, erməni tərəfi yazılı sürətdə təminat verib ki, həmin şəxslərlə beynəlxalq hüquqa uyğun olaraq davranılacaq. Bunu da əsas tutan Avropa Məhkəməsi hesab edib ki, hazırda onların həyat və sağlamlığına heç bir təhlükə yoxdur və ona görə də belə bir qərar qəbul edib. Ermənistanın təminatına istinad edilməsi daha real görünür. Ola bilsin ki, qərarda müəyyən məqamlar öz əksini tapıb. Məhkəmə də bununla kifayətlənib.

Əsabəli Mustafayev: “Bu müraciətlər əsgərlərimizin gələcəkdə həyat və sağlamlıqlarının müdafiəsi üçün vacib idi”

Bildiyimiz qədər əsgərlərdən biri artıq məhkum olunub. Baxın, bu məhkum olunmadan şikayət vermək lazımdır. Əgər reqlamentin 39-cu maddəsinin müraciəti uğursuz oldusa, indi artıq həmin instansiyalar bitəndən sonra həmin hökmdən, məhkəmə qərarlarından şikayət vermək olar. Amma özlüyündə Avropa Məhkəməsinə bu müraciət vacib idi. Mən deməzdim ki, yaşamaq hüququ və işgəncələrin verilməməsi üzrə olunan müraciətlər uğursuz oldu. İstər-istəməz bundan sonra Ermənistan tərəfi müəyyən tədbirlər görəcək, onların həyat və sağlamlıqları üçün. Azından yenidən belə bir müraciətin edilməməsi üçün bunu edəcəklər.

Bilirik ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti də bunu nəzarətdə saxlayır. Əgər onlar hər hansı bir pozuntuya rast gəlsələr, yəqin ki, bununla bağlı müəyyən hesabatları olacaq. Bir daha qeyd edirəm ki, bu müraciətlər əsgərlərimizin gələcəkdə həyat və sağlamlıqlarının müdafiəsi üçün vacib idi. Bir sözlə, bir təminat oldu. Əlbəttə, orada əsgərlərimizin vəkillərinin olmaması, Ermənistandakı hüquq müdafiə təşkilatlarının bu məsələyə biganə yanaşmaları ciddi faktların, pozuntuların olmasına dair sübutların toplanmasına mane olub. Bu çox aydın bir məsələdir. Ona görə də məhkəmə belə bir qərar qəbul edib. Əsgərlərimizin üzərindəki zədələrlə bağlı erməni tərəfi özünə sərf edəcək formada yəqin ki, cavab verib. Biz də onu təkzib edə bilmirik. Çünki onların orada obyektiv müdafiələrini təşkil etmək mümkün deyil. Orada həmçinin hüquq müdafiə təşkilatlarının fəaliyyəti çox zəifdir. Azərbaycan hökuməti və əsgərlərimizin yaxınları bir daha Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə bu məsələni diqqətdə saxlamaq üçün müraciət etməlidirlər. Eyni zamanda, hesab edirəm ki, “Amnesty İnternational” və “Human Rights Watch” və digər beynəlxalq təşkilatlara müraciət edib, həmin əsgərlərin ziyarət edilmələrinə çağırış lazımdır ki, obyektiv məlumatlar əldə edə bilək". /“Yeni Müsavat”