Atasını öldürdü, mobil telefonunu Bakıda satdı... - ŞƏKİ SAKİNİ TUTULDU

Mayın 12-də Şəki rayonunun İnçə kənd sakini, 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevin yaşadığı ünvanda meyitinin aşkar edilməsi barədə Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin və Şəki Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri cinayət-prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırma zamanı İsmayıl Gülüyevin şəxsi münaqişə zəminində oğlu, 1998-ci il təvəllüdlü Katıf Gülməmmədli tərəfindən mayın 4-də boğularaq öldürülməsi və atasını öldürdükdən sonra onun mobil telefonunu Bakı şəhərinə apararaq orada satması müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Katıf Gülməmmədli tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.