Arvadını öldürüb, özünü bıçaqladı - Bakıdakı dəhşətli qətlin təfərrüatı / FOTOLAR

Bakıda arvadını qətlə yetirməkdə təqsirli bilinən Ramiz İbrahimovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Stopnarkotik.az olke.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Ramiz İbrahimov yaşadığı evdə həyat yoldaşı Səmayə Camalovaya bıçaqla zərbələr endirib. Aldığı zərbələrdən qadın hadisə yerindəcə keçinib. Hadisədən sonra həyətə çıxan R.İbrahimov öz qarın nahiyəsinə də 8 bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. R.İbrahimov hadisəni törədən zaman içkili vəziyyətdə olub. Ər-arvad arasında dava-dalaş da elə bu səbəbdən yaranıb.

İş üzrə dindirilmiş Ramiz İbrahimov ifadəsndə bildirib ki, 1981-ci ildə Səmayə Camalova ilə ailə həyatı qurub və iki övladları dünyaya gəlib. Yoldaşı ali təhsilli həkim olsa da, 15 il ərzində işləməyərək ona qulluq edib. 2005-ci ildə xərçəng xəstəliyinə tutulub. Uzun müddət müalicə olsa da, heç bir nəticəsi olmayıb. 

2006-cı ildə cərrahi əməliyyatdan sonra əsəbləri pozulub. Güclü təsir edən sakitləşdirici həblər və spirtli içki qəbul etməyə başlayıb. 

Dekabrın 14-də oğlu anasını nəvələrini görmək üçün qızının yaşadığı Nərimanov rayonundakı evinə aparıb. Ramiz 3 nəfər tanışı ilə xəstəxanada müalicə alan dostunun yanına yollanıb. Oradan çıxdıqdan sonra yemək yeməyi qərarlaşdırıblar. Kafedə 5 şüşə araq içiblər. Yaşadığı evə dostu Fuadla qayıdıb. Arvadı ilə nəyin üstündə mübahisə etməsi, onu və özünü bıçaqla nəyə görə vurması yadında qalmayıb. İçkinin, həm də qəbul etdiyi həblərin təsirindən, ümumiyyətlə, özündə olmayıb. Gözlərini reanimasiya şöbəsində açaraq Səmayənin artıq öldüyünü öyrənib. 

Ramiz İbrahimovun sözlərinə görə, arvadı həmin axşam iradını bildirib, onu tənbeh edib. Psixoloji problemləri olduğundan o, tez qıcıqlanıb. 

Məhkəmə araşdırılmış dəlillərə qiymət verərək təqsirləndirilən şəxsin CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü ( xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələrində nəzərdə tutulan əməli törətməsini, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edib. 

Sonda məhkəmənin hökmü ilə Ramiz İbrahimov 16 il müddətinə azadlıqdan məhrum olunub.