Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Teymur Məmmədovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə o, elan edilmiş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.
O ifadəsində göstərib ki, ağıllı adamdır və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir:
“Həmçinin özümə hörmət edən bir şəxsəm. 4 uşağa sahib olduqdan sonra belə bir cinayət əməlini törətməsi təsadüfi deyil. Bu cinayət əməlini törətmək üçün əlində əsaslar var ki, nəticədə mən bu cinayət əməlini törətdim. Cinayəti törətməyimin, bu əmələ görə həbsdə olmamın bir səbəbi var. Hadisə real olan məsələlərlə qarşılaşması nəticəsində baş verib. Cinayəti spirtli içki və ya narkotik vasitələrdən istifadə edərək törətməmişəm. Əksinə mərhum həyat yoldaşım, zərərçəkmiş Tacirə Salmanova mənə xəyanət etdiyinə görə onu öldürdüm. İttiham edildiyim cinayət əməlini Bakı şəhərində törətmişəm. Həyat yoldaşımın xəyanət etməsinin şahidi olmuşam. Xəyanətdə Tacirəni təqsirli bilirəm. Hesab edirəm ki, həyat yoldaşımın mənə xəyanət etdiyi şəxsin (başqa kişinin) heç bir təqsiri yoxdur. Mən həmin şəxsi də öldürə bilərdim, lakin bütün günah Tacirədə olduğu üçün yalnız mərhum arvadımı qətlə yetirdim. Eyni zamanda o, Tacirənin mənə xəyanət etdiyi şəxsi tanımıram. Həmin şəxsi o vaxt öldürərdim ki, o, mənim həyat yoldaşıma söz atmış olardı, yaxud da arvadıma qarşı səbəbsiz yerə hər hansı bir hərəkət etmiş olardı. Amma bu hadisədə həmin kişinin günahı yoxdur. Cinayət əməlini heç bir əsas olmadan törətməmişəm. Yəni, bu cinayəti xuliqanlıq niyyəti ilə törətməmişəm. Çünki həyatımın geri qalan hissəsini həbsxanada keçirmək istəməmişəm. Həyat yoldaşımın mənə xəyanət etdiyini öz gözlərimlə gördükdən sonra onu bıçaqla qətlə yetirdim. Bıçaq zərbələrini Tacirənin kürəyi, boynu və bədəninin digər nahiyələrinə vurdum. Heç kəs törətdiyim cinayət hadisəsinin şahidi olmayıb. Lakin ittiham aktında göstərilir ki, guya Tacirəni uşaqlarımın gözləri qarşısında öldürmüşəm. Bu, doğru deyil. Ona ümumilikdə 20-dən çox bıçaq zərbəsi endirmişəm. Hər bir insanın səbrinin həddi var. Həyat yoldaşım mənə xəyanət etməsi səbrimi daşırdı. Bu səbəbdən də onu qətlə yetirdim. Ona görə də törətdiyim əməldən peşman deyiləm”.
Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddələrindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif olunaraq, ona yüngül cəza təyin edilməsini xahiş edib.
İttiham aktına görə, T.Məmmədov qeyri-rəsmi nikahda yaşadığı qadın - 1994-cü il təvəllüdlü Tacirə Salmanovanı xəyanət etməsinə, əxlaqsız həyat tərzi sürməsinə, habelə narkotik vasitələrdən istifadə etməsinə dair əsassız şübhələrini bəhanə edərək onu qəsdən öldürmək qərarına gəlib.
Belə ki, təqsirləndirilən şəxs ötən ilin avqustunda T.Salmanovanı Nərimanovda birgə kirayədə yaşadığı evdə qeyri-rəsmi nikahdan dünyaya gəlmiş övladlarının gözü qarşısında qətlə yetirib.
İstintaqla müəyyən edilib ki, o, qadının bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr yetirməklə xüsusi amansızlıqla ümumilikdə, 25 bıçaq zərbəsi vurub.
T.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.