Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslər - Nicat Kərimli və Tural Həmidovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ittihama münasibət bildirərək onlara qarşı elan edilən ittihamla özlərini qismən təqsirli biliblər.
Sonra məhkəməyə məcburi gətirmə qərarı ilə gətirilən zərərçəkən şəxs Sənan Qasımovun səs yazısı dinlənilib. Məlum olub ki, zərərçəkmişlər barışığa görə və hadisə vaxtı təqsirləndirilən şəxslərin əlində bıçaq olmamasını demək üçün 3 min manat pul təklif ediblər. Sənan Qasımov isə məhkəmədə təqsirləndirilən şəxslərdən 2 min manat pul aldığını bildirib. Ancaq barışığa söz verməyib. Səs yazısında həmçinin təqsirləndirilən şəxslərdən birinin anası bu işlə bağlı vəkilinin hakimlə danışdığını söyləyib.
Məhkəmənin bu yerində hakim Mahirə Kərimova onun adının hallandırılmasına cavab olaraq, vəkillərin hakimlərlə ancaq məhkəmə zalında cinayət işi ilə bağlı söhbətinin baş tutmasının mümkün olduğunu qeyd edib.
Hakim Anar Sadıqov Sənan Qasımova 2 min manat pulu nə üçün aldığı ilə bağlı sual verib.
Zərərçəkən isə 3 aydır həmin pulu qaytarmaq istədiyini desə də, məhkəmə heyəti bunu inandırıcı saymayıb. Sənan Qasımov pulu qaytarmağa hazır olduğunu dedi və qarşı tərəfdən şikayətçi olmadığını bildirib. Həmçinin qeyd edib ki, təqsirləndirilən şəxsin qardaşı məhkəmə proseslərinin birindən sonra onu təhdid edərək, hədələyib.
Sonra dövlət ittihamçısı zərərçəkən tərəfin müdafiəsi ilə bağlı zəruri müdafiə tədbirlərinin görülməsini məhkəmənin nəzərinə çatdırıb.
Məhkəmə heyəti qısa müşavirədən sonra aidiyyəti qurumlara bu barədə məlumat verilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmə prosesi 17 oktyabr tarixinə kimi təxirə salındı.
Qeyd edək ki, quldurluq hadisəsi ötən ilin avqustunda paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, Bakı şəhər sakinləri - Nicat Kərimli və Tural Həmidov paytaxt sakini S.Qasımovu bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talayıblar.
Qeyd edək ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilib və onun şikayəti yoxdur.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb./"bizim.media"