Bakıda bayram günü kafedə 2 nəfəri qətlə yetirməkdə təqsirli bilinən Arif Bəhərçiyevin cinayət işinin məhkəməsinin ilkin baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham aktı ilə çıxış edib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Arif Bəhərçiyev silah qismində istifadə edilən əşyadan istifadə etməklə, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq edərək, iki şəxsi qəsdən həyatdan məhrum edib.
Belə ki, o, 31 dekabr 2023-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən, anası Gülnurə Bəhərçiyevanın icarəyə götürdüyü və birlikdə işlətdikləri adsız kafedə olduqları zaman, qarşıdan gələn yeni il münasibəti ilə əlaqədar kafedə olan şəxslərlə spirtli içki qəbul edib.
O, anası Gülnurənin ailəvi dostlarından olan Namiq Orucovla uzun müddətdir aralarında sevgi münasibətləri olmasından şübhələnib.
Həmin gün atası İlfan Bəhərçiyev müştərilərə yemək hazırlaması məqsədilə Gülnurə Bəhərçiyevanı kafenin daxilinə çağırdıqda anası bu çağırışa məhəl qoymayıb.
Anası isə kabab bişirməyə davam etməklə Namiq Orucovun yanında qalmasını bəhanə edib.
Təqsirləndirilən şəxs Gülnurǝ Bəhərçiyevanı saçından dartıb itələmiş, onların səs-küyünü eşidib hadisədən xəbərdar olan atasının təkidi ilə kafenin digər zalına keçib.
Bu məqamda Namiq Orucov ictimai qaydanın qarşısını almaq üçün onun bu davranışlarına son qoymağın tələb edib.
Arif Bəhərçiyev isə Namiq Orucovun bu hərəkətindən daha da hiddətlənib. Arif mətbəxdən bıçaq götürərək, onun ünvanına nalayiq söyüşlər söyüb və sonuncunun qarın nahiyəsinə bir dəfə bıçaq zərbəsi vuraraq öldürüb.
İttiham aktında o da qeyd olunub ki təqsirləndirilən şəxs bununla kifayətlənməyərək onları ayırmağa çalışan Ramil Səfərovu eyni bıçaqla döş qəfəsi nahiyəsinə bir dəfə bıçaq zərbəsi vuraraq öldürüb.
Təqsirləndirilən şəxs cinayət işi üzrə özünü qismən təqsirli bilib.
Daha sonra təqsirləndirilən A. Bəhərçiyev ifadə verib.
"Namiq hamıya bizim kafeni öz kafesi olduğunu deyirdi. Bundan istifadə edib hamıdan borc götürürdü. Borcu verməyəndə də hamı bizim üstümüzə gəlirdi. Namiq mənə demişdi ki, bayramdan sonra bir dəfəlik gedəcək. Hadisə günü o məni çox əsəbləşdirdi. Axşam atam müştəriləri yola salmaq üçün məni mətbəxə çağırdı. Mətbəxdə çörək doğruyanda anam ilə dalaşdım. Onun saçından tutub dartdım. Atam görməsin deyə ortalığı sakitləşdirdim. Bu vaxt Namiq üstümə cumdu. Namiqlə dalaşa-dalaşa kafenin qabağına çıxdıq. Çölə çıxmamışdan mətbəxdən bıçaq götürmüşdüm. Namiq əlimdə bıçağı görmüşdü, ancaq yenə söyürdü. Mən də əsəbləşdim Namiqi bıçaqla vurdum. Sonradan özümü itirdim. Arxadan kimsə məni tuturdu. Bilmədim kim idi, çönüb baxanda gördüm ki, məni tutan Ramildir. Bu vaxta qədər onunla problemim olmayıb. Birlikdə çörək kəsmişik. Ramili itəliyəndə özüm də bilmədən bıçaq ona girdi. Sonra bilmədim neynəyim, polis deyə qışqırmağa başladım. Polislər gəldi məni tutdu. Polislərə dedim ambulans çağırın. Ambulansı Ramilə görə istəyirdim. Axırıncı dəfə Ramili görəndə yaşayırdı. Sonradan öyrəndim ki, ölüb".
Növbəti məhkəmə prosesi iyunun 3-nə təyin edilib.
Arif Bəhərçiyevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərəçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb./"unikal"