Uzun müddətdir ki, ölkədə alternativ hərbi xidmətlə bağlı yeniliklərin tətbiqi müzakirə olunur. Son olaraq bu gün Milli Məclisin deputatı Elnur Allahverdiyev daha az müddətdə hərbi xidmət keçirilməsi üçün alternativ modelin yaradılmasını təklif edib. Deputat bu kimi addımın gənclərin təhsilinə əlavə təkan olacağını bildirib.
Bəs görəsən alternativ hərbi xidmət modeli özündə hansı dəyişiklikləri ehtiva etməlidir?
Stopnarkotik.az xəbər verir ki, mövzu ilə bağlı ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov Yenisabah.az-a danışıb. Ekspert belə bir modelə çoxdan ehtiyac olduğunu qeyd edib:
“Əvvəla, Azərbaycanda bu günə qədər qəbul olunmamış əsas hərbi qanunlardan biri alternativ hərbi xidmət haqqında qanundur. Bu qanun qəbul olunmalı və daha sonra buna uyğun olaraq bəzi işlər həyata keçirilməlidir. Biz 2025-ci ilə qədər ordumuzu NATO və qardaş Türkiyə standartlarına gətirib çıxarmalıyıq. Türkiyədə ordu sahəsində hansı qanunvericilik varsa, onun Azərbaycan reallıqlarına uyğun hazırlamalıyıq. Azərbaycanda artıq bir övladını şəhid vermiş, yaxınlarını müharibədə itirmiş ailələrin digər üzvlərinin heç olmasa arxa cəbhədə xidmət etməsi və yaxud müəyyən güzəştlərin verilməsi ilə bağlı addımlar atılmalıdır. Mən 25 ilə yaxın hərbi xidmət keçmiş və ali hərbi-siyasi jurnalist təhsili almış şəxs kimi deyirəm ki, Azərbaycanda hərbi sahə ilə bağlı fikir bildirənlərin 90 faizi bu sahədən anlayışı olmayanlardır. Deputatların səsləndirdiyi fikirlər prinsip etibarı ilə kənardan cəlbedici görünə bilər. Amma onun nə dərəcədə real olub-olmaması barədə düşünmək lazımdır”.
Ekspert mövzu ilə bağlı öz təkliflərini də bildirib:
“Mən təklif edirəm ki, xidmət yaşına çatmış hər kəsi hərbi xidmətə aparmaq lazım deyil. Hər bir şəxsin müəyyən maraq dairəsi, istedadlı olduğu sahə var. Gəlin, millətin gələcəyi naminə fikirləşək, əgər hansısa gənc təhsil, elmi yaradıcılıq və bu kimi fəaliyyət sahələrinə maraqlıdırsa, onun 1 il və ya 1 il 6 ay hərbi sistemdə xidmətə cəlb etmək düzgün olmaz. Vətənə xidmət təkcə hərbi sferada deyil, müxtəlif sahələrlə bağlı da yerinə yetirilə bilər. Ümumiyyətlə, Azərbaycanda Qarabağ məsələsi həll olunduqdan sonra hərbi qanunvericilik demək olar ki, təzədən format edilib yenidən hazırlanmalıdır. 21-ci əsrin tələblərinə cavab verən müddəalar yeni qanunvericilikdə öz əksini tapmalıdır. Biz neçə vaxtdır deyirik ki, alternativ xidmət haqqında qanun mütləq qəbul olunmalıdır”.