“Təhsilin səviyyəsi aşağı düşdükcə, asılı insanların sayı da çoxalacaq” – KLİNİK PSİXOLOQ

Heyran İbrahim: “Biz əgər narkomaniyanın qarşısını almaq istəyiriksə, ilk olaraq siqaretlə mübarizədən başlamalıyıq”

“Narkomaniyaya və digər növ asılılıqlara qarşı mübarizədə təbliğata daha çox üstünlük verilməlidir. Televiziyalarda, mətbuatda, eləcə də sosial şəbəkələrdə sağlam təbliğat aparılmalıdır. Hətta bəzi sosial şəbəkələrə senzura tətbiq olunsa, daha yaxşı olar. Çünki, təəssüflə qeyd edirəm ki, indi sosial şəbəkələr üzərindən narkotik satışı da həyata keçirilir”.

Bu haqda Stopnarkotik.az saytına açıqlamasında klinik psixoloq, asılılığın müalicəsində (narkomaniya, qumar, alkoqolo, iqromaniya və s.) tətbiq olunan “12 Addım” proqramı üzrə mütəxəssis Heyran İbrahim bildirib.

H.İbrahim deyir ki, cəmiyyətimizdə narkomaniyanın yayılması bilavasitə təhsilini səviyyəsi ilə bağlıdır: “Təhsilin səviyyəsi nə qədər düşsə, cahillik bir o qədər artacaq. Nəticədə, narkotik, içki, qumar və s. növ asılılıqlardan əziyyət çəkən insanların sayı çoxalacaq. Əslində, bu kimi asılılıqlar hər əsrdə, hər dövrdə olub. Sadəcə, əvvəllər indiki qədər açıq satış və zərərli təbliğat yox idi. Bu baxımdan, hesab edirəm təhsilin səviyyəsi aşağı düşdükcə, gənclər elmsizləşdikcə, nəticədə cahillik artacaq və paralel olaraq cəmiyyətimizdə asılı insanların sayı da çoxalacaq”.

Klinik psixoloqun fikrincə, hazırda vəziyyət o həddə çatıb ki, cəmiyyətimiz asılılıq xəstəliyi ilə çarpışır: “Çox təəssüf hissi ilə qeyd edirəm ki, bu gün cəmiyyətimiz asılılıq xəstəliyi ilə çarpışır. Niyə məhz asılılıq dedim? Çünki biz görünən tərəf olaraq simptomları, əlamətləri müşahidə edirik. Lakin bəzən bunun bir asılılıq olduğunun fərqində belə deyilik. Hansı ki, bu, dünyada çoxdan xəstəlik kimi qəbul edilir. İstər Avropada, istər Amerikada bu növ asılılıqlar bir xəstəlik olaraq özunu təsdiq edib. Hətta 1953-cü ildən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “Xəstəliklərin beynəlxalq təsnifatı” kitabına düşüb. Yəni dünyanın bütün məşhur psixiatr və həkimləri tərəfindən bu cür qəbul olunduğu halda, təəssüf olsun ki, bizim cəmiyyətimiz asılılığın bir xəstəlik olduğunu qəbullanmaqda çətinlik çəkir”.

Heyran İbrahim hesab edir ki, maarifləndirmə zamanı asılılığın xəstəlik olduğu faktı mütləq nəzərə alınmalıdır: “Elə məhz bu yöndə araşdırmalar apararaq, istər məktəblərdə, istər də universitetlərdə maarifləndirici tədbirlər keçirərək, gənclərə narkomaniyanın, iqromaniyanın və s. bir xəstəlik olduğu aşılanmalıdır. Biz əgər narkomaniyaya qarşı mübarizə aparmaq istəyiriksə, ilk olaraq siqaretlə mübarizədən başlamalıyıq. Üstəlik, maarifləndirmə təkcə gənclərlə deyil, mütəmadi şəkildə valideyin iclaslarından başlamalıdır”.

Klinik psixoloq deyir ki, narkomaniyaya qarşı mübarizədə cəmiyyətin bütün fərdləri birlik nümayiş etdirməlidir: “Düşünürəm ki, bu gün hər kəs - həkim, bənna, elm adamı, səhnə insanı - kim olur-olsun bir fərd olaraq birləşməliliyik. Biz bu cəmiyyətin bir parçasıyıqsa, mütləq şəkildə səsimizi çıxarmalı, çağırışlar etməliyik”.

H.İbrahim əlavə etdi ki, narkomaniyanın yayılmasında psixoloji faktorlar da rol oynayır: “Biz araşdırsaq, görərərik ki, bunlar psixoloji faktorlardan qaynaqlanır. Ümumiyyətlə, narkomaniya asılılığının kökü, yaranma səbəbi 3 faktordan -sosial, bioloji və genetik faktorlardan qaynaqlanır. Bu faktorlardan biri də psixoloji faktordur. Həmin psixoloji faktora toxunub, onu deyə bilərəm ki, biz davranış pozuntusu olan uşaqları daha çox disfunksional ailələrdə görürük. Bunlar daha çox boşanan ailələrdir. Valideynlərdən birinin dünyasını dəyişməsi, şiddət zəmnində böyüyən uşaqlar, yaxud da bunun əksi olaraq, funksianal, mükəməlliyəçi ailələrdə böyüyən uşaqlar var ki, onlarda da problemlər törənir. Uşaqların çox üstlərinə gedəndə, yəni çox tələbkar, mühafizəkar ailələrin övladlarında da bu cür proseslərə rast gələ bilirik. Hansı ki, söhbət davranış pozuntusundan gedir və bu, tədricən qarşıdurma, qarşıgəlmə probleminə çevrilir. Uşaq burda şüuraltı olaraq valideyni cəzalandırır”.

Klinik psixoloq asılı insanların müalicəsində özəl reabilitasiya mərkzələrinin də çox müsbət rol oynadığını vurğuladı: “Bu gün işini vicdanla görən reabilitasiya mərkəzləri var ki, onlar çox gözəl psixoloji müalicə aparırlar. Çünki asılığın müalicəsində “12 Addım” proqramı öz bəhrəsini çox gözəl verir. Bu proqram 1935-ci ildə Amerikada yaranıb. Amerikada qruplar 1937-ci ildən var. Yəni qrup trapeyası var və çox gözəl bəhrəsini verir. Biz buna baxsaq, görərik ki, həqiqətən də reabilitasiya mərkəzlərinin iş prinsipi “12 Addım” proqramı ilə işləməkdən gedir. Və müsbət nəticələr də var”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az