Ailə qurmağa razılıq verməyən qızı küçədə öldürən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə Bakıda qətl törətməkdə təqsirləndirilən Pərviz Paşapurun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, hadisə 2012-ci ildə Yasamal rayonu ərazisində baş verib. Şəki şəhər sakini, 24 yaşlı Pərviz Paşapur yaşadığı evin qarşısında 18 yaşlı Günel Nəsirovaya səkkiz bıçaq zərbəsi vurub. Qız xəstəxanaya çatdırılsa da, çoxlu qan itirdiyindən orada dünyasını dəyişib.

Hadisədən təxminən dörd saat sonra Pərviz Paşapur polisə gələrək könüllü təslim olub.

İstintaqla müəyyən olunub ki, Pərviz Paşapur mobil telefonla mərhumun anasına zəng edərək, qızı Günelin onunla danışmadığı halda onu öldürəcəyi ilə hədələyib.

Bundan sonra Paşapur əvvəllər elçi göndərməsinə baxmayaraq, Günelin ona ərə gəlməməsini bəhanə edib, sonuncunu həyatdan məhrum etmək qərarına gəlib.

Bu məqsədlə o, saat 16:40-dan Şərifzadə küçəsində, marketin qarşısında Günelin işdən çıxmasını gözləyib.

Saat 21 radələrində Günelin iş yoldaşı ilə işdən çıxdığını görən Pərviz onun arxasınca gəlib, evin qarşısında Nəsirovanı yıxıb üzərindəki bıçaqla çoxsaylı xəsarətlər yetirərək qızı xüsusi amansızlıqla qəsdən öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 noyabr 2012-ci il tarixli hökmü ilə Pərviz Paşapur 15 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apellyasiya şikayətinin verilməsi müddətini buraxıb. Təqsirləndirilən şəxs 12 ildən sonra müddətin bərpa edilməməsinə dair məhkəməyə müraciət edib. Lakin şikayət təmin olunmayıb. Daha sonra Pərviz həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onu şikayətini təmin etməyib.