Adam oğurlayıb hədə-qorxu gələn şəxslərin cəzaları ağırlaşdırıldı

Sumqayıt Apellyasiya Məhkəməsində adam oğurluğu və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Əli Həsənov və Həsən Muradovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, protest təmin edilib, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hər iki şəxs üçün çıxardığı 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Belə ki, onların hər birinin cəzası ağırlaşdırılaraq 10 ilə qaldırılıb.Qeyd: Rəsmi məlumata əsasən, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Ş. (şərti) qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə 2022-ci il iyulun 3-də mobil telefonuna mesaj yazıldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşının Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş H.Muradov və Cəbrayıl rayon sakini Ə.Həsənov tərəfindən oğurlanması müəyyən olunub. Əməliyyat tədbirləri ilə onlar saxlanılıblar. 

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü  (Adam oğurluğu) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb./pravda.az