Ötən ay, noyabrda Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə çərçivəsində saxlanılan şəxslərin sayında ciddi azalma müşahid olunub.
Stopnarkotik.az bu barədə Daxili İşlər Nazirliyinin (DİN) gündəlik rəsmi açıqlamalarına istinadən xəbər verir.
Qeyd edək ki, DİN hər ay olduğu kimi, noyabrda da mətbuata narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar gündəlik rəsmi açıqlamalarını davam etdirib. Nazirliyin bu məlumatlarına istinadən deyə bilərik ki, son 3 ay ərzində narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə çərçivəsində saxlanılan şəxslərin sayında ciddi azalma müşahidə olunur.
Belə ki, sentybarda narkoticarətlə məşğul olan 502 nəfərin qoluna qandal vurulmuşdusa, oktyabrda saxlanılanların sayı 389, noyabrda isə cəmi 254 nəfər olub. Əlbəttə, bütün bunlar xeyli ümidverici rəqəmlərdir və növbəti ayların statistik göstəricilərinin də azalmağa doğru yön alması arzuolunandır. Çünki bu rəqəmlərin real olaraq getdikcə azalması ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin artıq müsbət nəticə verdiyini ortaya qoyur.
DİN-in noyabrda keçirdiyi əməliyyatlarla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
Bundan əlavə, DİN-in müvafiq qurumları tərəfindən noyabr ayı ərzində cəmi 3 əməliyyat keçirilib ki, bu da ötən aylara nisbətən xeyli aşağı göstəricidir:
Əlbəttə, ölkəmizdə narkoticarətin dövriyyəsinin azalması birbaşa qaçaqmalçılıq yolu ilə daxil olan narkotik vasitələrin həcmi ilə bağlıdır. İlk baxışdan belə düşünmək olar ki, daxil olan narkotikin həcmi azaldığından, daxili bazarda da satış aşağı düşüb. Lakin, təəssüf ki, bu məsələdə statistik rəqəmlər tamamilə fərqli nəticəni ortaya qoyur. Bu haqda növbəti yazımızda daha geniş açıqlama verəcəyik.
Stopnarkotik.az
P.S. Bir daha qeyd edək ki, biz sadəcə DİN-in rəsmi açıqlamalarına istinadən yuxarıdakı qənaətə gəlmişik. Ola bilər ki, noyabrda bu rəqəmin kifayət qədər aşağı olması ölkəmizdə GOP 29 kimi önəmli bir tədbirin keçirilməsi ilə bağlıdır. Nəzərə alaq ki, ötən ay bütün güc strukturları daha çox bu tədbirin təhlükəsiz başa çatmasına köklənmişdi. Bu baxımdan, dekabrın statistikası bu haqda daha düzgün nəticəni ortaya qoya bilər ki, tezliklə araşdırmamızın nəticəsini oxucularımıza təqdim edəcəyik.