5 nəfəri qətlə yetirən Əhmədin məhkəməsi keçirildi - YENİLƏNİB-1

Bakının Xətai rayonunda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub. Əhməd Əhmədov məhkəməyə polisin müşayiəti ilə gətirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxs Əhməd Əhmədova Xətai rayon İcra Hakimiyyəti tərəfindən nümayəndə təyin edilib.

Zərərçəkmiş şəxslərin hər birinə hüquqi varis təyin olunub.

Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova məhkəməyə etiraz edərək, cinayət işi üzrə hüquqi varis olmasını tələb edib.

Məhkəmə iclasının qaydalarını pozduğu üçün Şəfaqət Bədəlova zaldan çıxarılıb.

İş üzrə müdafiə və zərərçəkən tərəflərdən hər hansı vəsatət verilməyib.

Hakim Əhməd Əhmədovun işin məhkəmə baxışına verilməsinə münasibət bildirməsini istəyib.

Əhməd Əhmədov isə "Nə bilim vallah, bilmirəm ki" cavabını verib.

İş üzrə məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.

***11:57

Bakının Xətai rayonunda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Stopnarkotik.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilir.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir.

***09:16

 

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun bu gün cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Stopnarkotik.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutacaq.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək.

Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.