“İlboyu narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində aparılan kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində toplam 10 min 60 cinayət faktı aşkarlanıb. Son iki ildə narkotik cinayətlərinin illik sayı 10 mini aşıb”.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ötənilki fəaliyyətinə dair açıqladığı illik hesabatında belə deyilir.
Hesabatda qeyd olunur ki, ötən il ölkədə qeydə alınana narkotik cinayətlərinin üçdə ikisi – 66 faizi (6 min 629-u) narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması ilə bağlıdır. Narkotik vasitələrin satışı ilə bağlı 3 min 141 cinayət qeydə alınıb. Bu, bütün narkotik cinayətlərinin 31 faizi deməkdir. Daha 286 cinayətsə narkotik vasitələrin kultivasiyası ilə bağlıdır. Ötən il boyunca toplam 7 tondan çox narkotik maddə ələ keçirilib. Bu, 2022-ci illə müqayisədə 29 faiz artım anlamına gəlir. Ələ keçirilmiş narkotik maddələrin bazar dəyəri 281 milyon manatdır.
Ötən il qeydə alınan narkotik cinayətləri ilə bağlı toplam 8 min 777 şəxs məsuliyyətə cəlb edilib. Onlardan 16 nəfəri 18 yaşına çatmayanlar, 22 faizi isə (1 min 893 nəfəri) gənclərdir. 2023-cü ildə narkotik cinayətlərinə görə məsuliyyətə cəlb edilənlərin cəmi 3 faizi (245 nəfəri) qadınlardır. Ötən il Azərbaycanda 100 xarici ölkə vətəndaşı da narkotik cinayətlərinə görə məsuliyyətə cəlb edilib. Onlardan 37 nəfəri İran, 32 nəfəri Türkiyə, 13 nəfəri Rusiya, 12 nəfəri Gürcüstan vətəndaşıdır. 2023-cü ildə narkotik cinayətləri ilə bağlı məsuliyyətə cəlb edilən şəxslərin 35 faizi (3 min 99 nəfəri) əvvəllər də cinayət törətmiş şəxslərdir.
Hesabatda o da qeyd olunur ki, ötən il ölkədə narkotik vasitələrin aşırı dozası üzündən ölüm halları da qeydə alınıb. İl ərzində 172 nəfər aşırı dozadan yaşamını itirib. Onlardan 25 nəfəri 30 yaşına çatmayan şəxslərdir. Son üç ilin göstəriciləri 2021-2023-cü illərdə Azərbaycanda 679 nəfər narkotik istifadəsinin həyatını itirdiyini üzə çıxarır.
Dövlət Komissiyasının açıqladığı rəqəmlərə görə, 2023-cü il ərzində narkotik cinayətləri ilə bağlı toplam 9 min 236 nəfərə hökm oxunub. Onlardan 6 min 634 nəfərə məcburi müalicə təyin edilib.