15 il həbs verilmiş şəxsin işində pozuntular aşkarlandı - YENİDƏN BAXILACAQ

Qeyri-rəsmi şəkildə birgə yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və başqa ittihamlarla təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Samir Ömərovlə (şərti) bağlı hökm ləğv edilib.

Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə qanun pozuntuları aşkar edib.

Təqsirləndirilən şəxsin şikayəti üzrə 5 dəfə ilkin baxış iclası keçirilib, müdafiə tərəfinin etirazları müzakirə edilib. Müttəhimin vəkili Azər Hüseynli vəsatətində müvəkkilinin həm ibtidai, həm məhkəmə istintaqı dövründə hüquqlarının pozulduğunu deyib.

Həmin qanun pozuntularından biri təqsirləndirilən şəxsin ilkin istintaqın ortalarında dövlət tərəfindən təyin edilmiş vəkildən imtina etdiyi halda imtinasının qəbul edilməməsi və sona qədər həmin vəkillə istintaq aparılmasıdır.

Başqa bir qanun pozuntusuna isə məhkəmədə yol verilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun icraatına verilib. Sözügedən hakim illər əvvəl təqsirləndirilən şəxsin atasının da cinayət işini araşdırıb. Həmin vaxt müttəhim Ömərov şahid qismində ifadə verib. Müdafiə tərəfinin sözlərinə görə, o vaxt müvəkkili ilə sədrlik edən hakim arasında mübahisə olub. Bu səbəbdən məhkəmənin əvvəlində hakim Azad Məcidova etiraz edilib. Etiraz əsaslı sayılmayaraq rədd edilib.

Fərid Əyyubovun sədrlik etdiyi yuxarı instansiya məhkəməsinin hakimləri cinayət işindəki qeyd etdiyimiz qanun pozuntularını tanıyıb. Məhkəmə belə qənaətə gəlib ki, S.Ömərov haqda hökm tamamilə ləğv edilməli, cinayət işi yenidən araşdırılmalıdır.

Qərara əsasən, iş yenidən araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu vaxta qədər təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Qeyd edək ki Cinayət Məcəlləsinin 15-dən artıq maddəsi ilə ittiham edilən S.Ömərov özünü təqsirli bilmir.