14 yaşlı azərbaycanlı qızın öldürülməsinə görə daha 2 nəfər həbs edildi

Gürcüstanda 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın qətlə yetirilməsi ilə əlaqədar daha 2 nəfər həbs edilib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb. Bildirilib ki, DİN-in Kaxeti Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Saqareco bələdiyyəsinin Ləmbəli kəndində Aytac Şahmarovanı qətlə yetirməkdə təqsirli bilinən “əri” Alim Sadiqovun əmisi, 1972-ci il təvəllüdlü A.A. və 1997-ci il təvəllüdlü əmisi oğlu B.A. cinayət barədə məlumat verməmək ittihamı ilə həbs edilib.

Bildirilib ki, Alim Sadiqov 2009-cu il təvəllüdlü Aytac Şahmarovanı qanunsuz evlənmək məqsədilə azadlıqdan qanunsuz məhrum edib (qaçırıb) və onu əmisi A.A.-nın evinə gətirib.

Polis əməkdaşlarının istintaq və prosessual hərəkətlərin icrası nəticəsində hakim A.A və B.A-nın təqsirləndirilən şəxs qismində həbsinə qərar verib.

Aytac Şahmarovanın təhsil aldığı Dmanisi bələdiyyəsinin Yuxarı Qarabulaq kənd məktəbinin direktoru Hamlet İsmayılov da yerli resurs mərkəzində (təhsil şöbəsi – red.) dindirilib. Yerli KİV-in məlumatına görə, dindirmə zamanı onun halı pisləşib və klinikaya aparılıb.

Bununla belə, o, klinikaya aparılarkən Aytacın qaçırılmasından xəbərsiz olduğunu deyib:

“Oktyabrın 5-də Aytacın anası gəlib mənə dedi ki, qızım 2 gün sonra məktəbə gələcək. O, mənə qızın qaçırıldığını deməyib”, - direktor bildirib.

Aytac Şahmarovanın atası İsa Şahmarov da Rustavi Şəhər Məhkəməsinə çağırılıb. İsa Şahmarov baş verənlərlə bağlı məlumatlı olmadığı üçün zərərçəkmişin varisi kimi tanınılıb. Məlumata görə, qətlə yetirilən azyaşlının valideynləri 7 ildir boşanıblar və İsa Şahmarov bu müddət ərzində Polşa və Rusiyada yaşayıb.

Ailə üzvləri İsa Şahmarovun qızının məcburi ərə verilməsindən xəbərsiz olduğunu bildiriblər. Qeyd olunub ki, qətllə bağlı İsa Şahmarovun qardaşı mediadan xəbər tutub və daha sonra ona xəbər verib. Bundan sonra İsa Şahmarov Gürcüstana gəlib.

Xatırladaq ki, qətl oktyabrın 5-də baş verib.

Gürcüstanda 14 yaşlı azərbaycanlı qızın öldürülməsinə görə daha 2 nəfər həbs edilib