“Narkomaniya xəstəliyi insanın dörd sferasını - sosial, psixoloji, mənəvi və fiziki sferasını zədələyir, pozur. Ən vacib olanı mənəvi sferadır. Hansı ki, bir narkomanın sağalması üçün ilk öncə onun mənəviyyatı üzərində iş aparılmalıdır. Mənəviyyat necə sağalmalıdır? Təbii ki, “12 Addım” proqramı ilə”.
Bu haqda Stopnarkotik.az saytına açıqlamasında “Proqressiv Psixologiya” Mərkəzinin klinik psixoloqu, asılılığın müalicəsində (narkomaniya, qumar, alkoqolo, iqromaniya və s.) tətbiq olunan “12 Addım” proqramı üzrə mütəxəssis Heyran İbrahim bildirib.
Heyran xanım deyir ki, narkomaniyadan xilas olmaq üçün müalicə prosesi doğru şəkildə getməlidir: “Əslində problemin köklü şəkildə həll edilməsi üçün düzgün şəkildə proses qurulmalıdır. Çoxlu reabilitasiya mərkəzləri var, amma bu o demək deyil ki, proses doğru şəkildə gedir. Xeyr, belə deyil. Araşdırıb baxsaq, görəcəyik ki, reabilitasiyaların bir çoxunun iş prosesində nə klinik psixoloq, nə psixiatr, nə də “12 Addım” proqramı üzrə mütəxəssis var. “12 Addım” proqramı üzrə mütəxəssis kimdir? Kimyəvi asılılıq üzrə mütəxəssisdir. Gəlin baxaq, görək bu problem “12 Addım” proqramının yarandığı Amerika Birləşmiş Ştatlarında necə həll olunur? Amerikada 1937-ci ildən belə qruplar yaranıb. Bu xəstəliyin çözüm formasını “12 Addım” proqramında tapıblar. İlk öncə bir çox ştatlarda qruplar yaranıb. Məsələn, Oksford qrupu. Bu qrupları yaradandan sonra, paralel şəkildə proqramı da yaradıblar. Proqram qrupun içində yaranır. Həm də özəl olaraq yaranır.
Məsələ ondan ibarətdir ki, görək orijinal proqram bu gün Azərbaycanda var? Problemin düzgün şəkildə çözülməməsi buna aiddir. Reabilitasiya mərkəzlərində düzgün sistem necə aparılmalıdır? Xəstə ilk öncə detoksikasiya olunmalıdır. Bundan sonra paralel şəkildə reabilitasiya sisteminə salınmalıdır. Əgər xəstənin psixiatrik problemi varsa, mütləq psixiatr tərəfindən müdaxilə olmalıdır. Əgər psixiatrik problemi yoxdursa, reabilitasiya sistemində düzgün şəkildə proses getməlidir. Klinik psixoloq, “12 Addım” proqramı, kimyəvi asılılıq üzrə mütəxəssis, qrup psixatriyası, ailə psixatriyası - bunlar dördlü şəkildə aparılır. Əgər bu sistem varsa, mükəmməl şəkildə bir nəticə almaq olar.
Amma bir çox mərkəzlərin içərisində nə psixiatr, nə psixoloq, nə narkomaniya üzrə mütəxəssis və s. yoxdur. Onun üçün də bir ölçü götürülməlidir. Mən belə düşünürəm.
Əgər soruşursunuzsa ki, niyə proses düzgün getmir, niyə effekt vermir, çünki orijinal proqram, xaricdəki - Türkiyə, Avropa ölkələrindəki proqramlar burada aparılmır. Burada sadəcə olaraq, yarımçıq şəkildə gedir. Məsələn, gedib “detoks” olurlar, “12 Addım” proqramına qoşulmurlar, qırılma prosesi gedir. “Detoks” varsa, mütləq şəkildə “12 Addım” proqramına qoşulmalıdırlar. Narkomanın müalicəsi bu cür aparılır. Yəni yarımçıq müalicə apara bilməzsiniz. Proqramın köklü şəkildə effekt verməsindən ötrü narkomaniyadan əziyyət çəkən insanın “dörd çarxı” aktiv olmalıdır. Bu “dörd çarx” Amerikada yaranan “12 Addım” proqramının əsas aparıcı qüvvəsidir. “Dörd çarx” nədir? Birincisi, anonim narkomanlar cəmiyyətinin qrupları. İkincisi, “addım” yazmalıdır. Üçüncüsü, o şəxsin sponsoru olmalıdır. “Sponsor” deyəndə nə anlayırıq? Özü kimi olan, sağalmaq prosesində olan, “ayıqlığı” heç olmasa 3-4 il olan insan. O, yeni gələn şəxsə sponsor ola bilər. Bu, ödənişsizdir. Burda heç bir ödəniş olmur. Dördüncüsü isə anonim narkomanlar qruplarında xidmət götürməlidir. Xidmətin içərisində bunlar var - çay verir, qab yuyur, “pol” silir və s. Biz baxsaq görərik ki, heç bir narkoman keçmişdə bunların heç birini etməyib. Onun psixikasına düzəliş verməsi üçün mənəvi xidmət götürülməlidir".
Heyran İbrahim deyir ki, narkomaniya insanın dörd sferasını zədələyir: "Bu xəstəlik insanın dörd sferasını - sosial, psixoloji, mənəvi və fiziki sferasını pozur. Ən vacib olan mənəvi sferadır. Hansı ki, bir narkomanın sağalması üçün ilk öncə onun mənəviyyatı üzərində iş aparılmalıdır. Mənəviyyat necə sağalmalıdır? Təbii ki, “12 Addım” proqramı ilə. Bir də “dörd çarx”ın vasitəsilə. Əgər bu vasitə kompleks şəkildə aparılırsa, siz orda nəticə görəcəksiniz. Şəxsən mənim neçə illik təcrübəmdə “ayıqlığı” 6, 7, 8, hətta 15 il olan tanıdığım insanlar var. Nəyə görə onlarda alınır, digərlərində qırılma prosesi gedir? Çünki “12 Addım” proqramını tam şəkildə yerinə yetirmək lazımdır. Bu proqram natamam işləmir. “Natamam işləmir” nə deməkdir? Biri varsa, biri yoxdursa, mütləq qırılma prosesi gedəcək”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az