Səbail rayonunun 132-134 nömrəli tam orta məktəbində “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə şagird və müəllim kollektivi ilə yanaşı, polis əməkdaşları, digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
Səbail Rayon Polis İdarəsinin rəisi polis polkovniki Hikmət Qasımov çıxış edərək həm rayon üzrə, həm də ölkə miqyasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri barədə məlumat verib. O bildirib ki, Səbail rayonu ərazisində bu istiqamətdə mübarizə tədbirləri gücləndirilib, narkotik vasitələrin qanunsuz satışı və saxlanması ilə bağlı onlarla cinayət faktı aşkarlanıb və müvafiq hüquqi qiymət verilib. İdarə rəisi vurğulayıb ki, təkcə cinayətkar qrupların fəaliyyətinin qarşısının alınması ilə kifayətlənmək olmaz, əsas məqsəd gənclərin bu təhlükə ilə tanış olmadan ondan uzaq durmasını təmin etməkdir. Bu məqsədlə məktəblərdə, universitetlərdə və ictimai məkanlarda profilaktik görüşlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini polis polkovniki Hafiz Təmirov isə narkomaniyanın insan həyatına, ailə münasibətlərinə və cəmiyyətin təhlükəsizliyinə ağır təsirlərindən danışıb. Narkotikdən asılı olan şəxsin davranışı və prioritetlərinin köklü şəkildə dəyişdiyini deyən H.Təmirov narkomanın heç vaxt vətəni qorumaq, ailəsini düşünmək, faydalı olmaq istəmədiyini vurğulayıb. Onun yalnız bir hədəfi var, bədənində yaranan iztirabı azaltmaq üçün narkotik tapmaq. Bu məqsədlə bir çox hallarda müxtəlif cinayətlərə əl atır və məsuliyyətini daha da ağırlaşdırır. Bu gün cəmiyyətdə rast gəldiyimiz bir çox hüquqpozma və sosial fəsadlar məhz narkomaniyanın nəticəsidir. Bizim gənclər üçün örnək olan insanlar var, Vətən üçün canından keçən qəhrəmanlar var. Narkotik isə insanı həmin dəyərlərdən ayırır və mənəvi boşluğa aparır.
Digər çıxış edənlər də mövzu ətrafında fikirlərini bildiriblər, daha sonra şagirdlərin sualları cavablandırılıb.
Tədbirin sonunda Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan “Qorxu bilməyən qəhrəmanlardan olmaq üçün polisdə xidmətə başla”, eyni zamanda Polis Akademiyasında kursantlar üçün yaradılmış müasir meyarlara cavab verən tədris prosesi ilə bağlı videoçarx nümayiş etdirilib.
Stopnarkotik.az

