Zəngəzur dəhlizi İranla Rusiyanı üz-üzə qoydu

“Zəngəzur dəhlizi ilə bağlı Rusiya, ABŞ, Avropa Birliyi, Azərbaycan və Türkiyənin mövqeyi eynidir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Keçmiş nazir vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasına müxalif mövqedədə dayanan iki ölkə var:

"Dəhlizə narazılıq edən ölkələrdən biri Ermənistan, digəri isə İrandır. Ötən gün İran Rusiyanın ölkəsindəki səfirliyini XİN-ə dəvət edərək ona öz narazılığını bildirdi ki, niyə Moskva Zəngəzur dəhlizi məsələsini gündəmə gətirir. Əslində İran sadəcə Rusiyaya yox, ABŞ və Türkiyənin mövqeyinə qarşı olduğunu da bəyan etməlidir”.

Müsahibimiz qeyd edib ki, Qərb, Türkiyə, o cümlədən Azərbaycan Zəngəzur dəhlizinin fəaliyyətə başlamasında maraqlıdır və bu yolun İrandan keçməsi arzuolunan deyil. Onun sözlərinə görə, düzdür, İrandan keçəcək alternativ yolların olması, onlardan istifadə də mümkündür:

“Amma ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceysm Obrayn dedi ki, Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək yol Rusiya və İrandan asılı olmamalıdır. Yəni Qərb bu dəhlizin Rusiya və İrandan keçməsini istəmir. Bu, ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı açıq mövqeyidir. Azərbaycanın da mövqeyi odur ki, ölkənin əsas hissəsi ilə digər bölgəsi - Naxçıvan arasında maneəsiz və təhlükəsizliyi təmin edə bir bağlantı, yol olmalıdır. Vaxtilə bolşeviklərin etdiyi tarixi cinayətə, yəni torpaqlarımızın zorla bizdən alınıb ermənilərə verilməsinə aydınlıq gətirilməlidir. O vaxt bolşeviklər süni şəkildə Azərbaycanı iki yerə parçalayıblar".

Tofiq Zülfüqarov: İrandan keçəcək alternativ yolların olması, onlardan istifadə də mümkündür

"Bu məsələ gec-tez öz həllini tapmalıdır. Bakı Zəngəzur dəhlizinin reallaşmasında, Naxçıvana maneəsiz və təhlükəsiz gediş-gəlişin təmin olunmasında israrlıdır", - deyə Tofiq Zülfüqarov əlavə edib.

Qeyd edək ki, Zəngəzur dəhlizinə görə Rusiya-İran gərginliyi dərinləşir. Hazırda bütün tranzit xətləri İran ərazisindən keçir. Tehran bölgədə nüfuzunu və imkanlarını daha da genişləndirməyi düşünür. Ticarət, siyasi və mədəni təsir baxımından isə İran Qafqazda autsayderdir.

Tehran Ermənistan ərazisində dəhlizin açılmasına mümkün qədər maneə olmağa çalışır və bütün xətlərin öz ərazisindən keçməsini istəyir. Xüsusən, Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun Zəngəzur dəhlizi, Ermənistanın bu dəhlizin açılmasına maneələr törətməsi barədə açıqlamaları İran tərəfinin qəzəbinə yol açıb.

“Tasnim” xəbər agentliyi geniş məqalə dərc edərək Moskvanı ittiham edib. Məqalədə Rusiya xarici işlər naziri Sergey Lavrovun “Təəssüf ki, Ermənistanın Zəngəzur bölgəsindən kommunikasiya ilə bağlı Baş nazir Paşinyanın imzaladığı müqaviləyə əngəl törədən İrəvan hökumətidir” fikirləri tənqid olunub. Bildirilib ki, İranın yüksək rütbəli rəsmiləri Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə rəsmiləri ilə müxtəlif görüşlərdə Tehranın sərhədlərdə və regionda geosiyasi dəyişikliklər gətirəcək bu dəhlizə açıq şəkildə qarşı olduğunu dəfələrlə bəyan ediblər.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib ki, Ermənistan Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini özəl təhlükəsizlik agentliklərinə həvalə etmək imkanlarını araşdırır:

“Bəli, bu ehtimal nəzərdən keçirilir, lakin hazırda əlavə məlumat yoxdur”.

Səfəryan qeyd edib ki, özəl mühafizə şirkətləri cəlb olunarsa, onlar bütün kommunikasiyaların, o cümlədən Azərbaycan ərazisindən keçən hissələrin mühafizəsinə cavabdeh olacaq. O həmçinin bildirib ki, Ermənistan sərhədçiləri və gömrükçüləri sərhəddə öz vəzifələrini yerinə yetirəcəklər.