Son zamanlar Qərb mətbuatında, xüsusilə də Rusiyada Ukrayna Prezidenti Volodimir Zelenski ilə ordu komandanı Valeri Zalujnı arasında qarşıdurma olduğuna dair iddialar yer alır. Müəyyən əlamətlər doğrudan da Prezidentlə ordu komandanı arasında fikir ayrılıqlarının olduğunu deməyə əsaslar verir ki, bu da bir tərəfdən təbii, lakin digər tərəfdən də müharibə aparan bir ölkə üçün kifayət qədər təhlükəli məqamdır. Ona görə də yaranmış bu vəziyyət Ukrayna əhalisi tərəfindən birmənalı qarşılanmır.
Qeyd edək ki, Prezident Volodimir Zelenski 2023-cü il dekabrın 19-da keçirilən illik yekun mətbuat konfransında Baş Komandan Valeri Zalujnı ilə işgüzar münasibətdə olduğunu və “onunla işləməyi” planlaşdırdığını bildirib.
Ukraynalıların böyük əksəriyyəti – 72%-i Silahlı Qüvvələrin Baş komandanı Valeri Zalujnının mümkün istefasına qarşıdır. Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən 4-10 dekabr tarixlərində keçirilmiş sorğunun nəticələri bunu deməyə əsas verir.
Sorğu göstərir ki, ukraynalıların əhəmiyyətli hissəsi belə bir qarşıdurmanın mövcudluğuna inanmaq belə istəmir. Onların cəmi 43%-i Prezident Volodimir Zelenski ilə Zalujnı arasında müəyyən fikir ayrılıqlarının və ya çəkişmələrin olduğuna inansa da, bunların yalnız 8%-i vəziyyətin çox ciddi olduğunu düşünür, qalan 35%-i isə bu anlaşılmazlıqları o qədər də ciddi hesab etmir. Respondentlərin 39%-i ümumiyyətlə Prezidentlə general arasında hansısa münaqişənin olduğunu düşünmür. Rəyi soruşulanların 18%-i bununla bağlı suala cavab verməkdə çətinlik çəkib.
Respondentlərin böyük əksəriyyəti - 72%-i Zalujnının istefasına mənfi yanaşdığı halda, yalnız 2%-i bu ssenariyə müsbət reaksiya verib. 21% neytral fikirdədir, 5% isə cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, eyni qurumun iki gün öncə dərc edilən sorğusunun nəticələrinə görə, ukraynalıların ümumilikdə Ukrayna Silahlı Qüvvələrinə mütləq etimadı - 96% təşkil edir. Hökumətə və parlamentə inam isə müvafiq olaraq 26 və 15 faizə düşməklə minimuma enib.
Həmçinin, insanların 88 faizi Zalujnıya tam etimad göstərdiklərini bildiriblər. Müqayisə üçün qeyd edək ki, həmin sorğuda respondentlərin Zelenskiyə etimadı 62 faiz təşkil edib.
Maraqlıdır ki, rəyi soruşulanların təkcə Zalujnı deyil, Kirill Budanov və Aleksandr Sırski kimi genrallara da böyük etimad göstərdiyi məlum olub. Belə ki, bütün respondentlərin 92%-i Zalujnıya, 60%-i Budanova güvənir (18% onu tanımır), 33% isə Sırskiyə inanır (48% onu tanımır). Bu komandirləri tanıyanlara gəlincə, onların 94%-i Zalujnıya, 73%-i Budanova, 63%-i Sırskiyə etibar edir. Eyni zamanda onları tanıyanlar arasında inamsızlıq səviyyəsi Zalujnıya 5%, Budanova 24%, Sırskiyə 29% təşkil edir.
Təbii ki, bu nəticələr Ukraynanın hazırkı siyasi hakimiyyəti üçün ciddi siqnal hesab edilə bilər. Ancaq nəzərə almaq lazımdır ki, tarixən müharibə aparan ölkələrdə hərbi qarşıdurma dövründə generalların, komandanların reytinqi təbii olaraq yüksəlib, insanlar belə zamanlarda ilk növbədə hərbçilərə ümid bağlayıb. Lakin heç də hər zaman hərbçilərin hətta demokratik seçki yolu ilə siyasi hakimiyyətə gəlməsi, ölkə idarəçiliyinə yiyələnməsi müsbət nəticələr verməyib...
Bir çox şərhçilər hazırda reytinqi Zelenskidən yüksək olan Zalujnının gələcəkdə siyasətə qoşulacağı təqdirdə Ukraynanın növbəti prezidenti ola biləcəyini qeyd edirlər. Nəzərə alsaq ki, Zelenski hələ illər əvəl yalnız bir dəfə prezident olacağını və ikinci müddətə namizədliyini verməyəcəyini bəyan edib, o zaman Zalujnının şansları doğrudan da olduqca yüksəkdir./azpolitika.info