Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Kələntər Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib.
İttihama görə, hadisə bu ilin yayında, saat 10 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Kələntər Əkbərov evdə olarkən qeyri-rəsmi nikahda yaşadığı zərərçəkmiş Səma Məmmədova (şərti) ilə aralarında ailə məişət zəminində mübahisə baş verib. O, mübahisə zamanı qadını döşəməyə yıxıb, onun sağ göz nahiyəsindən yumruqla, sol bud nahiyəsinə ayaqla qəsdən zərbələr endirərək xəsarət yetirib.
Kələntər Əkbərov məhkəmədə ona elan edilmiş ittiham üzrə tam təqsirli bilib. Onun sözlərinə görə, Səma ilə təxminən iki ildən artıqdır ki, ər-arvad kimi bir yerdə yaşayırlar. Lakin rəsmi nikahları yoxdur. Təqsirləndirilən şəxs deyib ki, hadisə günü evdə yatdığı vaxt anası gəlib, onu yuxudan oyadıb. Lakin yuxudan ayıla bilmədiyindən və baş ağrıları olduğu üçün dura bilməyib. Aradan bir neçə dəqiqə keçəndən sonra həyat yoldaşı Səma təkrarən gələrək onu oyadıb. Bu zaman Kələntər əsəbiləşərək ayağa durub əli ilə qadının sifət nahiyəsindən və sol bud nahiyəsindən isə təpiklə vurub. O bildirib ki, hadisə zamanı Səma sifət nahiyəsindən xəsarət alıb. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən peşman olduğunu söyləyib./pravda