Bir neçə illik “fasilədən” sonra hüquq-mühafizə orqanları yenidən müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən icra başçılarının həbsi ilə bağlı əməliyyatlara başlayıb. Media az əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qaxda əməliyyat keçirdiyini, rayonun icra başçısı, 15 ildir bu vəzifəni tutan Musa Şəkiliyev, onun müavinləri və rayonun bir neçə vəzifəli şəxsin saxlanıldığı barədə məlumat yayıb.
Hazırda onların Bakıya gətirildiyi, ilkin dindirmədən sonra 48 saat ərzində Səbail Rayon Məhkəməsinə çıxarılacaqları bildirilir.
Qeyd edək ki, Azərbaycanda bir neçə il əvvəl aparılan antikorrupsiya əməliyyatları çərçivəsində bir sıra rayonların sabiq icra hakimiyyəti başçıları cinayət məsuliyyətinə cəlb olunub. Onların əksəriyyəti külli miqdarda mənimsəmə, rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə məhkum ediliblər.
Bununla belə, həmin məmurlar arasında vaxtından əvvəl azadlığa buraxılan, cəzası azaldılaraq azadlığa “yaşıl işıq” yandırılan, eləcə də vəfat edən şəxslər də var.
Son illərdə yolu zindandan keçən icra başçılarıı ilə bağlı məlumatları təqdim edirik:

İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyev 12 il həbs cəzası alsa da, kassasiya şikayəti nəticəsində bu müddət 8 il 6 aya endirilib. O, xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinib..Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvətalma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib,. Hökmə əsasən, üzərinə həbs qoyulmuş 5 344 000 manatlıq əmlak dövlət nəfinə müsadirə olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Ali Məhkəmə isə məhkum şəxsin ailə üzvlərinin narazılığını əsassız sayıb. Beş milyondan artıq qiymətləndirilən əmlakların dövlət nəfinə müsadirəsi qərarı qüvvədə saxlanılıb.

Şəmkirin “məşhur” sabiq icra başçısı Alimpaşa Məmmədov 2021-ci ildə həbs olunub. Məhkəmə ona 11 il 6 ay cəza təyin edib, sonradan bu müddət 10 il 6 aya endirilib. Onun 11 milyon manatlıq əmlakının üzərinə həbs qoyulub.
Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

Cəlilabadın keçmiş icra başçısı Namiq Zeynalov Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 12 il, apellyasiya nəticəsində isə 11 il 9 ay həbs cəzası alıb.
Namiq Zeynalov xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Bundan başqa, iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, “Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib.

Beyləqan rayonunun keçmiş icra başçısı Mahir Quliyev əvvəlcə 11 il, sonradan 10 il 6 aya endirilmiş həbs cəzası ilə məhkum olunub. İki mənzili və bir avtomobili dövlət nəfinə müsadirə edilib. Mahir Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev məhkəmə tərəfindən əvvəlcə 10 il həbs cəzası alıb, daha sonra bu müddət 6 il 2 aya endirilib.
Onunla birlikdə məhkum olunmuş digər icra strukturu əməkdaşlarının da cəzaları azaldılıb.

Kürdəmir rayonuna rəhbərlik etmiş Ceyhun Cəfərov isə “bəxti gətirən” məmurlardandır. O, əvvəlcə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra cəzası 4 il 6 aya endirilib və o, cəzasını tamamlayaraq azadlığa çıxıb.
Hazırda azaddır, lakin 2 il 6 ay müddətində dövlət orqanlarında işləmək hüququ yoxdur.

Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov korrupsiya cinayətlərinə görə əvvəl 7 il 3 ay, sonra isə 6 il həbs cəzası alıb. Sağlamlıq vəziyyəti nəzərə alınaraq 2023-cü ildə şərti azadlığa buraxılıb və 2024-cü ildə vəfat edib.
Qoca Səmədovun müsadirə edilən əmlakları bunlardır:
- Hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil;
- Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt;
- Yevlaxın Qoyunbinəsi kəndində ümumi dəyəri 61 min 800 manatlıq beş müxtəlif torpaq sahəsi;
- Rayonun Havarlı kəndində 18 min manatlıq torpaq sahəsi;
- Goranboy rayonunun Aşağı Ağcakənd kəndində cəmi 50 min 950 manat qiyməti olan üç ayrı torpaq sahəsi;
- Elə həmin kənddə 0.37 hektar ərazi və orada tikilmiş iki fərdi yaşayış evi – dəyəri 321 min manat;
- Yevlax şəhəri, Aran qəsəbəsində 200 min manatlıq "Su səsi" restoranı;
- Yevlax rayonunun Salahlı kəndində 2 min 159 kvadratmetrlik, 228 min manat dəyərində obyekt;
- Tikintisi yarımçıq qalmış, 251 min manatlıq ikimərtəbəli uşaq bağçası.
Habelə Qoca Səmədovun 30 min manat nağd pulu da müsadirə olunub.

Ağstafa rayonunun keçmiş icra başçısı Nizaməddin Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. O, 2021-ci ilin avqust ayında COVID-19 nəticəsində cəzaçəkmə müəssisəsində vəfat edib.
Həbs edilən və ya hal-hazırda həbsdə olan keçmiş icra başçılarının sayı və törətdikləri cinayət əməlləri bir daha göstərir ki, Azərbaycanın yerli idarəetmə sistemi köklü islahatlara ehtiyac duyur. Sadəcə fərdi həbslərlə bu problemin həlli mümkün deyil. Sistem şəffaflığa, ictimai nəzarətə və ciddi hüquqi mexanizmlərə açıq olmalıdır.
Bu başçıların məhkəmə hökmü ilə təqsirli bilinməsi bir başlanğıcdır, lakin davamlı nəticə üçün idarəetmə modelinin özü dəyişməlidir./azpolitika.info