Yeraltı kabelləri oğurladı, BMX Veloparkı işıqsız qaldı

Respublika Velosiped Trekindən oğurluq edən şəxsə hökm oxunub.

Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, Səbail rayonu, Salyan şosesi, Dostluq parkı 10 ünvanında yerləşən və Respublika Velosiped Trekinin balansında olan BMX Veloparkında quraşdırılmış projektor dirəklərinə gedən, diametri 25 millimetr olan yeraltı mis kabellər oğurlanıb. Nəticədə park uzun müddət işıqsız qalıb.

Aparılan araşdırma zamanı oğurluğun 1992-ci ildə Bakı şəhərində anadan olmuş, 12 il ərzində BMX Veloparkında bağban kimi çalışan B.H. adlı şəxs tərəfindən törədildiyi müəyyən edilib. Ümumilikdə, kabellərin və mis şinlərin oğurlanması nəticəsində Veloparka 25 836,73 manat məbləğində maddi ziyan dəydiyi məlum olub.

Məhkəmənin qərarı ilə B.H. Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.