Yeni Kaledoniyada etirazlara görə ölənlərin sayı artdı

Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada etirazlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Bu barədə AFP agentliyi prokurorluğa istinadən məlumat verib.

"Çərşənbə günü Yeni Kaledoniyanın cənubunda hüquq-mühafizə orqanlarının nümayəndələri bir nəfəri öldürüblər. Bununla da təxminən iki ay əvvəl arxipelaqda başlayan etirazlar zamanı ölənlərin sayı 10 nəfərə çatıb", - deyə agentlikdən bildirilir.

Məlumata görə, Kaledoniya sakininə Milli Jandarmeriya Müdaxilə Qrupunun (GIGN) əməkdaşları tərəfindən atəş açılıb.

Xatırladaq ki, bu ilin may ayından Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının etirazları alovlanıb. Fövqəladə vəziyyət 13 maydan 27 maya qədər davam edib.