Yenə "Toyota Prius", yenə keçmiş məhkumlar, yenə narkotik ticarəti... - TƏHLİL

Son zamanlar “Toyota Prius” markalı taksilərin qəza törətməsi faktlarına tez-tez rast gəlinir. Üstəlik, bu avtomobillərlə bağlı digər xoşagəlməz xəbərlər də yayılır. Aydındır ki, məsələnin “əmma”sı “Toyota Prius”da deyil, onu idarə edən sürücüdədir.

Bu gün - iyunun 2-si tarixində Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan “Toyota Prius” sürücüsü Kamran İsmayılov saxlanılıb. Məlum olub ki, saxlanılan şəxs Binə qəsəbəsində narkodilerliklə məşğul imiş və əvvəllər məhkum olunub.

Burada 3 əsas nüans sual doğurur:

Birincisi, Kamran İsmayılov həbsə əvvəl də narkotik ittihamı ilə düşüb? Çünki, məlum olduğu kimi, ölkə həbsxanalarındakı məhkumların arasında narkotik ittihamı ilə həbsə düşən məhkumlar üstünlük təşkil edir. Bu məsələyə deputat Fazil Mustafa hələ bir il əvvəl, “Biz narkomanların böyük əksəriyyətini kriminal əməl töədənlər kimi qiymətləndirib həbsxanaya göndədirirk” ifadələri ilə toxunmuşdu.

Deputat iki gün öncə də narkomaniyaya qarşı mübarizə üçün ayrı proqram hazırlanmalı olduğunu bildirdi. O qeyd etdi ki, həbsxanada olan məhkumların böyük əksəriyyəti narkotik cinayətləri üzrə tutlanlardır və onlar içəridə də problem yaradırlar.

Beləliklə, artıq məhbus keçmişi olan Kamran İsmayılovun üzərinə və idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 2 kiloqrama yaxın marixuana aşkarlanıb.

İkincisi, Kamran İsmayılov taksi sürücüsü görüntüsü yaradaraq Bakı şəhərində narkotiklərin dövriyyəsini təşkil edib. Yəni bu şəxsin məhz taksi sürücüsü adı altında narkodilerlik etdiyi aşkarlanıb. Bu fakt belə bir sual doğurur: digər taksi sürücülərinin də bu qəbildən olan əməllə məşğul olmadığına zəmanət varmı? Yaxud sükan arxasında özünü taksi sürücüsü kim göstərib, narkodiler fəaliyyəti ilə məşğul olan nə qədər insan var?

Məsələn, təxminən bir ay əvvəl, aprelin 28-i tarixində metronun “Memar Əcəmi” stansiyası yaxınlığında “Toyota Prius” sürücüsü avtoxuliqanlıq edərkən videolentə alındı və görüntülərdə sürücünün yol polisi əməkdaşlarının qanuni tələblərinə tabe olmaması, maşını polisin üzərinə sürməsi və DYP-yə məxsus xidməti avtomobili qəsdən vurması əks olundu. DİN-in mətbuat katibi Elşad Hacıyevin açıqlamasında bildirildi ki, Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin saxlanılması narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəlidir. DİN rəsmisi onu da açıqladı ki, saxlanılan 1987-ci il təvəllüdlü Rauf Qurbanov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub və  onun idarə etdiyi avtomobildə küli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub.

Misal çəkdiyimiz bu iki hadisədən də göründüyü kimi, yenə keçmiş məhbuslar, yenə “Toyota Prius”, yenə narkodilerlik. Bu üç nünasın bağlantısı təsadüf ola bilməz.    

Qayıdaq üçüncü nüansa. Polisin araşdırması zamanı müəyyən edildi ki, Kamran İsmayılov şəxsiyyəti istintaqla araşdırılan tanışı “Mahal” adlı İran vətəndaşının göstərişi ilə onun qanunsuz yollarla ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif ərazilərində paylanmasını reallaşdırıb. Hansı ki, Azərbaycana gətirilən narkotikin əksər hissəsinin İrandan daxil olduğu dəfələrlə səsləndirlib. Azərbaycanı narkotrafik marşrutunda “su yolu”na çevirən İran silahla gerçəkləşdirə bilmədiyi zərbəni narkotiklə endirir. Narkotikə aid olmayan ittihamla həbsxana divarları arasına düşən məhkumlar bəlkə də cəzaçəkmə müəssisələrində “narkodilerliyə qədəm qoyurlar”. Doğrudur, Kamran İsmayılov, Rauf Qurbanov kimi şəxslər narkoticarətdə “poçt göyərçini” funksiyasını yerinə yetirirlər. Amma maraqlı burasıdır ki, İran narkosövdəgərlərinin bazara çıxardığı narkotik həbsxanaya, məhkumlara necə yol tapır? Həbsxanalarda narkodövriyyə necə, hansı şəraitdə tənzimlənir? Bunu kimlər himayə edir? Bəs başqa ittihamla həbsə düşən məhkumların narkodilerlərə çevrilməsində, onların narkotacirlərlə tanış olmasında, narkoşəbəkənin cənginə düşməsində kimlər rol oynayır? Və ən əsası, İrandan yaxud İranın Azərbaycandakı maşaları tərəfindən yönləndirilən şəbəkə narkoticarət ilə yanaşı casus şəbəkəsi missiyasını da yerinə yetirirmi?!

Qeyd edək ki, 3-cü Polis Şöbəsinin əməkdaşlarının son günlərdə həyata keçiridikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 29 nəfər tutularaq istintaqa təqdim edilib. Müəyyən edildi ki, saxlanılanlardan bir neçəsi Binə qəsəbəsində yük maşınlarından akkumulyator oğurlayırmışlar. Əlbəttə, narkotikin əsirinə çevrilmiş şəxs üçün istənilən cinayət əməli məqbul hala çevrilir. Uzun sözün qısası, bu şəxslərin məqam yetişəndə, yaxud göstəriş veriləndə hansısa terror aktı həyata keçirməyəcəklərinə zəmanət yoxdur. Bu qəbildən hadisənin martın 28-də Fazil Mustafann güllələnməsi zamanı şahidi olduq.

Stopnarkotik.az