Yekaterinburqda saxlanılan azərbaycanlının qardaşı: "Onun yanında yoldaşını da döyüblər"

Rusiyanın Yekaterinburq şəhərində işgəncələrə məruz qalan və sonra həbs edilənlərdən biri, Biləsuvar rayonunun Zəhmətabad kənd sakini Əziz Azay oğlu Abbasovun vəziyyəti ağırdır.

Stopnarkotik.az xəbər verir ki, bunu Oxu.Az-a onun qardaşı Fitətxan Abbasov deyib.

Onun dediklərinə görə, hadisə zamanı təkcə qardaşına deyil, onun oğlu və həyat yoldaşna da amansız şəkildə xəsarətlər yetiriblər:

"OMON qardaşımın evinə basqın edib. Onu evin içində elə döyüb, yaman günə qoyublar. Hətta qardaşımın yanında onun oğlu və yoldaşını da döyüblər. Sonra qardaşımı və oğlunu elə o vəziyyətdə də polis idarəsinə aparıblar. Hazırda Əzizin vəziyyəti ağırdır".

Xatırladaq ki ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.