Paytaxt Bakıda COP29 tədbiri ilə əlaqədar nəqliyyat sistemində bir sıra yeniliklər edilib. Yeni avtobus, velosiped zolaqları salınıb, mövcud zolaq şəbəkəsi genişləndirilib, şəhərin mərkəzi piyadalaşdırılıb. Paytaxtda tramvay xətlərinin bərpası məsələsi də zamanla gündəmə gəlir. Maraqlıdır, COP29-dan sonra şəhərdə tramvay xətti istifadəyə verilə bilərmi?
Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında tramvay xəttinin istifadəyə verilməsinin uzun müddətdir müzakirə olunduğunu deyib:
“Xüsusən də Mərkəzi və Şərqi Avropa olmaqla inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, tramvay xətlərinin olması tıxacın qarşısının alınması üçün vacibdir. Digər tərəfdən, bu nəqliyyat növü ekoloji cəhətdən daha sərfəli və təmizdir. Tramvay nəqliyyatı şəhərin dizaynını da gözəlləşdirir”.
Millət vəkilinin sözlərinə görə, dövlət qurumları tərəfindən Bakıda tramvay xətlərinin bərpası ilə bağlı müzakirələr aparılır:
“Bu istiqamətdə aparılan müzakirələrin məqsədi ondan ibarətdir ki, mövcud nəqliyyat infrastrukturu daxilində tramvay xətlərinin bərpası imkanları araşdırılsın. Xüsusən də bu xətləri bərpa etməyin mümkün olduğu zonalarda tramvayın istifadəyə verilməsinin tərəfdarıyıq. Müzakirələrin aparılması ondan xəbər verir ki, nəqliyyat infrastrukturu imkan verəcəyi halda yaxın dövlərdə Bakıda da tramvay sakinlərin və qonaqların istifadəsinə verilə bilər”.