Bakıda yaşayış olan evin sökülməsi ilə bağlı cinayət işi açılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.
***
Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.
"Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", - məlumatda deyilib.
Qeyd edək ki, sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.