Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib.
TƏBİB-dən verilən məlumata görə, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
Əlavə məlumat veriləcək.
***15:15
Bərdədə yas mərasimi zamanı evin döşəməsinin çökməsi ilə əlaqədar araşdırma aparılır.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Yeni Daşkənd kəndində yas mərasimi zamanı döşəmənin çökməsi nəticəsində 23 nəfər yaralanıb, bir nəfər həyatını itirib.
Hadisə ilə əlaqədar Bərdə Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
***15:00
Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, bir nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.
Apa-nın xəbərinə görə, hadisə nəticəsində xəsarət alaraq ölən şəxs 1958-ci il təvəllüdlü Məmmədova Sarıtel Abbasəli qızıdır.
***14:02
Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb.
Hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb.
Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb.
Hadisə nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilir.
Onlar Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Məlumata görə, xəsarət alanlardan biri xəstəxanada ölüb.
Yas mərasimi olan ev köhnə tikili olduğundan evin döşəməsi ağırlığa tab gətirməyərək çöküb./apa