Yanındakı qadınla dalaşan oğlan maşını aşırdı, ölümə səbəb oldu

İyulun 3-də Bakının Yasamal rayonu Kənar Dairəvi yolda avtomobilin dərəyə aşması nəticəsində bir nəfərin ölməsi, bir nəfərin isə xəsarət alması ilə nəticələn yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Stopnarkotik.az xəbər verir ki, "Çerri" (Cherry) markalı avtomobilin sürücüsü yanında olan qadın tanışı ilə mübahisə edərək maşını qəsdən dərədən aşırıb.

İstintaq orqanı tərəfindən sürücü istintaqa cəlb edilib və ona qəsdən adam öldürmə faktı ilə bağlı ittiham irəli sürülüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyulun 3-də Yasamal rayonu Kənar Dairəvi Yolda "Çerri" markalı avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Günay Əkbərovanın ölməsi, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfovun isə xəsarətlər alması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb.

“İbtidai istintaq zamanı Mustafa Nəcəfovun idarə etdiyi avtomobili qəsdən dərədən aşağı aşırması nəticəsində sərnişin Günay Ələkbərovanın hadisə yerində ölməsi, özünün isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib”- deyə məlumatda qeyd edilib.

Mustafa Nəcəfov iş üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və hazırda xəstəxanada müalicəsinin davam etdirilməsi nəzərə alınaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.