"Yalançı şahid gətiriblər ki, mənim əleyhimə ifadə versin" - 65 minlik dələduzluqda təqsirləndirilən şəxs

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Ceyhun Hüseynov və Lalə Həsənovanın cinayət işi üzrə növbəti məhkəməsi keçirilib.

Stopnarkotik.az e-huquq.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid Anar Mustafayev ifadə verib.

O bildirib ki, Səbinə adlı zərərçəkən Ceyhuna Hüseynova 10 min, Lalə Həsənovaya 20 min manat pul verib: "Mən Səbinə xanımı Hava Limanında işləyəndən bəri tanıyıram. Orada sürücü kimi işləmişəm. Dostluq münasibətimiz olub. Məndən xahiş edirdi ki, Ceyhuna pul çatdırım. Səbəbi ilə maraqlanmırdım. Bildiyim qədəri ilə Səbinə xanım 2 Vita markalı avtomobili Ceyhuna icarəyə verib, pulu isə bölüşürmüşlər. O, Ceyhuna 10 min manat pul verəndə mən prosesə şahid oldum. Nə baş verdiyi ilə maraqlanmadım. Düşünürdüm ki, birlikdə işləmək istəyirlər. Daha sonra xahiş etdi ki, aparım pulu verim Ceyhuna. İkimiz birlikdə Lalə Həsənovaya da 20 min manat pul vermişik".

Şahid əlavə edib ki, Lalə Həsənovanı ilk dəfə Ceyhun Hüseynova pul verərkən görüb.

Təqsirləndirilən şəxs isə bildirib ki, Səbinə Orxudanova "Karqo İlqar" adlı şəxsin sevgilisi olub. Şahid Anar Mustafayev də "Karqo İlqar"ın sürücüsüdür: "Onlar bu şəxsi yalançı şahid olaraq gətiriblər ki, mənə əks ifadə versin. Anar mənə 10 min manat pul verməyib".

Şahid əlavə edib ki, Elşad və Ceyhun bir-birini daha öncədən tanıyıb.

Məhkəmənin növbəti iclası sentyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxs Ceyhun Hüseynov tanışına 2020-ci ildə avtomobil alqı-satqısı ilə məşğul olduğunu, "Muğan Bank"da işləyən Ruslan adlı dostu vasitəsilə həmin bankın balansında olan hərraca çıxarılacaq avtomobillərlə bağlı biznes quracağını vəd verib. O, həmin bankda depozit hesabında külli miqdarda pul olduğu halda qabaqcadan ucuz qiymətə avtomobil alacağına, yenidən satışa çıxarıb gəlir əldə edəcəyinə inandırıb. Bu məqsədlə ondan 65 min manat alıb. Hər avtomobilə görə 1000 manat qazanc verəcəyinə dair yalan vəd verib.

Lakin Ceyhun Hüseynovun vəkili iddia edib ki, təqsirləndirilən şəxsin tanışı olan Lalə Həsənova adlı qadın bir neçə şəxsdən pul götürərək qaytarmayıb və həmin şəxslərə pulu C.Hüseynova verməsini bildirib. Məlahət Məmmədova onun şikayət etməsini bildikdən sonra, bu fürsətdən yararlanaraq özü də Ceyhundan şikayət edib. İstintaq zamanı müəyyən olunub ki, Ceyhun Hüseynov Lalə Həsənova adlı qadının pul aldığı şəxsləri tanımır, həmin şəxslər də Ceyhunu tanımır, həmin şəxslər pulu Lalə Həsənovaya veriblər.

Ceyhun Hüseynov və Həsənova Lalə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.