Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə adam oğurluğunda təqsirləndirilən Hüsən Məmmədov (soyadı şərti) və Kamal Qayıbovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə onların hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Həmin şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
İttihama görə, hadisə 20 avqust 2022-ci il tarixdə, saat 17 radələrində Bərdə rayonu Hacallı kəndində qeydə alınıb. Belə ki, Hüsən Məmmədov 2017-ci ildən sevdiyi Səma Həsənovanı (şərti) ailə qurmaq məqsədi həmkəndlisi Kamal Qayıbovla birlikdə qaçırmaq qərarına gəlib. Həmin şəxslər birlikdə qadının yaşadığı Hacallı kəndinə gediblər. Daha sonra Hüsənlə Kamal Səmanın yaşadığı evin qarışısından onu zorla maşına mindirərək Gəncə şəhərinə aparıblar.
Qeyd: Kamal Qayıbov Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təhlükəsizlik bölməsində mühafizəçi vəzifəsində işləyib.