Xırdalanda sərxoş müştəri kafedə qadını saçından tutub sürüdü və...

Xırdalandakı bir kafedə xuliqanlıq etmiş Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü Qalib Osmanova hökm oxunub.

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, Xırdalandakı “Cənnətpark yaşayış komleksi”ndə yaşayan 32 yaşlı şəxs bu ilin 13 iyun tarixində gecə saatlarında kafedə qadına hücum edib.

Belə ki, Qalib Osmanov həmin gün dostu ilə “Vedi” restoranında yeyib-içib. Onlar 2 litr spirtli içki qəbul ediblər. Restorandan çıxan dostlar daha sonra pivə içmək üçün üzbəüz yerləşən digər kafeyə daxil olublar. Bu zaman kafenin rəhbərliyindən onları heç kim qarşılamadığı üçün Qalib əsəbiləşib.

Kafenin Gülnarə adlı ofisiantı müştərilərə yaxınlaşıb. Bu zaman Qalib ona “niyə qapıda gəlib məni qarşılamadın?” deyib və qadının boyun nahiyəsindən tutub özünə çəkərək kəllə ilə onun baş nahiyəinə ağır zərbə endirib. Zərbədən yerə yıxılan qadın ayağa qalxmaq istəyərkən müştəri onun saçından və qolundan tutaraq yerdə sürüyüb. Boyun, alın, kürək nahiyələrindən xəsarət alan qadını ətrafdakı şəxslər Qalibin əlindən alıb. Nə baş verdiyini anlamayan qadın qaçaraq küçəyə çıxıb. Qalib hərəkətlərinə davam edərək kafenin pəncərəsini sındırıb.

Hadisə yerinə Abşeron RPİ-nin əməkdaşları gələndən sonra Qalib Osmanov saxlanılıb.

Qalib Osmanov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşya tətbiq etməklə xuliqanlıq əməli) maddəsi ilə cinayət işi açılıb və o həbs edilib.

Noyabrın 13-də Qalib barəsindəki iş üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə onun 5 ay həbsdə saxlanmasını nəzərə alaraq 2 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edib və məhkəmə zalından azadlığa buraxılıb.

Qalibə yaşadığı Siyəzən rayonunu tərk etmək, gecələr evdən kənara çıxmaq, kütləvi tədbirlərdə iştirak etmək qadağan edilib.