Xankəndidə patrul xidməti yaradılır: İkinci mərhələ isə... - Mühüm gəlişmə

Ermənistanın Azərbaycan torpaqlarını özlərinə ilhaq etmək, yəni “miatsum ideyası” tam iflasa uğradı. Çünki bu proseslər labüddur. Burada geridönülməz bir mərhələ başlayıb. İnteqrasiya olacaq və bununla da “miatsum ideyası” iflasa uğrayacaq. Ona görə də burada işlək mexanizmlərin rolu gündəmdə saxlanılmalıdır.

Stopnarkotik.az xəbər verir ki, bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, inteqrasiya heç də tez baş verən proses deyil:

“Bəzi insanlar səbirsiz davranır. Antiterror tədbirləri heç 24 saat davam etmədi. Əslində bunun belə olması doğru idi. Çünki prosesin uzanması qarşılıqlı itkilər deməkdir. Zaman ərzində geridə qalan məsələlər həllini tapacaq”.

Politoloq hesab edir ki, separatçılardan və orada olan qanunsuz erməni hərbçilərin silahlarını təhvil verməsi də zaman tələb edir:

“Azərbaycan Müdafiə Nazirliyi orada silahların kimə, hansı sayda təhkim edilməsinin dəqiq siyahısını istəyəcək. Buna uyğun olaraq addım atılacaq. Başqa cür silahları tam təhvil almaq olmayacaq. Kimsə qaçıb dağlarda gizlənib silahı təhvil verməkdən boyun qaçıra bilər. Mümkün təxribatlara qarşı da hazırlıqlı olmaq lazımdır”.

Fərhad Mehdiyevə görə, Qarabağın erməni əsilli sakinlərinin siyahıya alınması prosesindən sonra bir çox məsələlər həll olacaq:

“Onların arxivləri ilə eyniləşmə aparılmalıdır. Qarabağda yaşamaq hüququ 1987-ci ilə qədər orada yaşayanlar və onlardan doğulanlara verilir. Sonradan gələnlərin orada yaşamaq hüququ yoxdur. Ona gör də, inteqrasiya hümanitar və inzibati, polis yoxlanışı mərhələlərindən ibarətdir. Öncə humanitar məsələlər həll ediləcək. Ardınca polis yoxlanışı və nəzarəti olacaq. Sülhəramlılarla Azərbaycan polisinin Xankəndidə və ətraf bölgədə patrul xidməti aparacağı gözlənilir”.