İran İslam Respublikasına bağlı İngiltərə İslam Mərkəzi bağlanıb.
Bu barədə "Iran International" məlumat yayıb.
Məlumata görə, Londonda yerləşən İngiltərə İslam Mərkəzi növbəti xəbərdarlığa qədər bütün mədəni və təhsil fəaliyyətini dayandırdığını elan edib.
Ofisin bağlanma səbəbi haqda ətraflı məlumat verilməyib. İranın Ali Rəhbəri Seyid Əli Xameneinin ofisi kimi də tanınan bu mərkəzdə müxtəlif dini mərasimlər təşkil edilirdi. Son vaxtlar Britaniyada yaşayan iranlılar dəfələrlə İngiltərə İslam Mərkəzinin qarşısına toplaşaraq aksiyalar keçirib, onun bağlanmasını tələb ediblər.
“The Times” qəzeti İngiltərə İslam Mərkəzinin koronavirus pandemiyasının vurduğu itkiləri kompensasiya etmək üçün Britaniya hökumətindən 100 min funt sterlinqdən çox yardım aldığını açıqlamışdı. Britaniyadakı şiə təbliğat mərkəzlərindən biri olan İngiltərə İslam Mərkəzi 1998-ci ildə yaradılıb. 2018-ci ildən Mərkəzin rəhbəri İranın Ali Rəhbəri Xameneinin nümayəndəsi Haşim Musəvidir./apa