Xaçmazda ev sakinlərini öldürüb, evi yandıran şəxsə ömürlük cəza istənildi

Xaçmaz rayonu Yalama kəndində 2 nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ağaxanov Ramin Rəhman oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Stopnarkotik.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Orxan Rüstəmov çıxış edib. Prokuror Ağaxanov Ramin Rəhman oğlunun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, cari il aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan 2 nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ağaxanov Ramin Rəhman oğlu saxlanılaraq istintaqa təhvil verilib.