Vəzifəli şəxsə bıçaqla xəsarət yetirən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Astara Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Malik Hacıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2 il 2 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və Malik məhkəmə iclası zalından dərhal həbsdən azad edilib.

İttihama görə, hadisə 17 aprel 2024-cü il tarixdə, saat 17 radələrində Astara rayonu Miki kəndində qeydə alınıb. 

Belə ki, Malik Hacıyevin qeyri-rəsmi yaşadığı arvadı, zərərçəkmiş Bəsti Qasımova (şərti) onun yaşadığı evin həyətində qanunsuz olaraq gizlətdiyi ov tüfəngi ilə bağlı polisə məlumat verib. Həmin vaxt araşdırma ilə əlaqədar olaraq evə Astara Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, zərərçəkmiş Qiyas Əsədov (şərti) və digər polis əməkdaşı gəlib. Bu zaman polislər Maliki nizam-intizama dəvət edib. Təqsirləndirilən şəxs isə əlindəki bıçaqla Qiyas Əsədov bir dəfə vuraraq onun sağ bazu nahiyəsində sıyrıqlar və cızıqlarla müşayiət olunan, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirib. Habelə həmin zaman Qiyas Əsədovun uzunqol köynəyini cıraraq ona 35 manat məbləğində maddi ziyan vurub.

Daha sonra Malik Hacıyev saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib./pravda.az