Vəzifə verilən general İqbal Babayev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, İqbal Alıcan oğlu Babayev Baş nazir Əli Əsədovun sərəncamı ilə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin Azərbaycan tərəfdən həmsədri təyin edilib.

İqbal Babayevin tərcümeyi halını təqdim edirik:

İqbal Alıcan oğlu Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olub. 1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Universitetinin Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirib.

1990-ci ildə Kiyev İM Milli Universitetində (KİMMU) texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru (Ukrayna), 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru (Azərbaycan) elmi dərəcələri alıb.

1986-1991-ci illərdə KİMMU-də elmi işçi, müəllim, 1991-1992-ci illərdə AİMU-nin Hesablama Texnikası və Avtomatlaşdırma kafedrasında dosent olub.

1992-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri, 2000-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru, 2008-2009-cu illərdə Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini, 2009-cu ildən DGK-da Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.

2018-ci il 6 Iyul tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub. 

Kiyev İnşaat və Memarlıq Milli Universitetinin "Fəxri professoru"dur.

BMT-nin Asiya və Sakit Okean Regionunda Kağızsız Ticarət üzrə Ekspertlər Şəbəkəsinin Məşvərət Komitəsinin üzvüdür və MDB ölkələri gömrük xidmətlərinin rəhbərləri şurasının İnformasiya Texnologiyaları üzrə işçi qrupunun rəhbəri olub. 

Bir çox yerli və beynəlxalq layihələrə, o cümlədən “Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi”, “Gömrük sistemində Bir pəncərə”, “Elektron Gömrük”, ”SMART CUSTOMS” və “Malların buraxılış vaxtının ölçülməsi” və ticarətin asanlaşdırılması üzrə digər innovasiya layihələrinin rəhbəri olub.

Asiya İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və digər beynəlxalq təşkilatların eksperti kimi Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızstan və Ukrayna ölkələrində gömrük sahəsinin modernləşdirilməsi və innovasiya texnologiyalarının tətbiqi istiqamətində layihələr həyata keçirib. 2021-ci ildən ATƏT-in Orta Asiya ölkələri üzrə “Sərhədyanı əməkdaşlıq və İqtisadi əlaqələr üzrə Dövlət Gömrük Xidmətinin potensialının gücləndirilməsi” sahəsi üzrə beynəlxalq ekspertidir. 

7 monoqrafiyanın, 13 dərsliyin, 100-dən çox elmi-metodiki işin və Amerikanın PMI İnstitutunun PMBOK-Layihələrin İdarə Olunması kitabının Azərbaycan nəşrinin ümumi redaktəsinin müəllifidir. 6 elmi işinə müəllif hüququ verilib.

20-ə yaxın dövlət təltifləri və mükafatlarına layiq görülüb. O cümlədən, Azərbaycan Republikası Prezidentinin Sərəncamları ilə 2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı, 2014-cü ildə  “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni, 2017-ci ildə “Vətənə xidmətə görə” 2-ci dərəcəli ordeni ilə təltif olunub. Eyni zamanda Ukrayna Prezidentinin 22 avqust 2020-ci il tarixli sərəncamı ilə “Əmək və şücayətə görə” medal ilə təltif olunub. Ukrayna, İngilis və Rus dillərini bilir.//Sfera.az