Vətəndaşların “yumşaq cinayət” hüququ olan ölkə... – YAPONİYA NARKOMANİYANI NECƏ "BOĞA" BİLİR...

Yaponiya “yumşaq cinayət” hüququ olan, qanunvericiliyi ən çox balanslaşdırılmış və şaxələndirilmiş ölkələrdən biridir. Bu ölkədə sosial harmoniyanın, iqtisadi rifahın və siyasi sabitliyin təməl daşlarından biri Yaponiyada və onun hüdudlarından kənarda narkotik biznesinin effektiv cilovlanmasıdır. Ölkədə cinayət göstəricisi çox aşağı səviyyədə saxlanılır. Burada isə sosial inkişafın yüksək parametrləri, cinayətkarlığa qarşı mübarizə effektiv amillər rolunu oynayır.

Stopnarkotik.az xəbər verir ki, Yaponiya narkotik istehsal edən ölkə deyil, amma Asiyada “metamfetamin” üçün ən vacib bazarlardan biridir. Adi narkotik polisindən başqa, Yaponiyada narkomaniya problemləri üzrə Büro var. Struktur cəhətdən ABŞ Narkotiklərə Nəzarət Agentliyinə bənzəyir. Büro Səhiyyə Nazirliyinə hesabat verir, əsasən informasiya və qabaqlayıcı tədbirlərlər-təbliğatla məşğul olur. Büronun işçiləri narotiklərlə bağlı cinayətlərdə polisin bütün səlahiyyətlərinə malikdirlər. Bu qurumun cəmi 12 bölməsi var, işçilərin sayı elə də çox deyil, amma vəzifələrin sayı çoxdur: onlar kimya laboratoriyalarından, məktəbdən tutmuş, narkotiklərin aşkarlanmasına qədər hallara cavabdehdirlər. Amma büronun vəzifələrinə cinayətkarlara birbaşa müdaxilə aid deyil, bu funksiyaları polis öz üzərinə götürür.

Yaponiya polisinin fikrincə, ölkədə narkotik ticarətində mütəşəkkil cinayətkarlıq aparıcı rol oynayır ki, bunun da aparıcı siması “Borekudan” kriminal cəmiyyəti-mafiyasıdır. “Borekudan” mafiyasının dünyanın narkosindikatları ilə güclü əlaqələri var. Yaponiya Milli Polis Agentliyinin araşdırmasına görə, “Borekudan” mafiyası qlobal narkotik bazarında hökmranlıq edən transmilli cinayətkar qruplarla sıx əməkdaşlıq edərək, narkotiklərin qaçaqmalçılığını təşkil edir.

O da maraqlıdır ki, daxili narkobazarda “Borekudan” İranın narkotik şəbəkələri ilə də əməkdaşlıq edir. Amma Yaponiya Milli Polis ekspertləri onu da deyirlər ki, tez-tez “Borekudan” mafiyası ilə İran mafiyası narkotik bazarında münaqişəyə girir. Bu münaqişə xüsusilə “metamfetamin”in idxal və satış bazarında yaşanır. Hətta 2001-ci ildən 2005-ci ilə qədər “amfetamin” qrupuna aid stimulyantların satışına görə həbs edilən şəxslərin yarıdan çoxu “Borekudan” mafiyasının üzvləri idi.  Statistikaya görə, həbsə məruz qalan şəxslərin ümumi sayının içində narkotikin pərakəndə satış qrupu üzvlərinin payı hər il artır.

Həmçinin qeyd etmək olar ki, son iki ildə “Borekudan” mafiyasının üzvləri nəinki “metamfetamin” idxalı və satışı ilə maraqlanırlar, həm də günü-gündən populyarlıq qazanan ekstazi preparatında maraqlıdırlar.

Yaponiya Cinayət Məcəlləsində tiryək və ya onun çəkilməsi üçün istifadə edilən cihazların idxalına görə tutulan gömrük işçiləri 1 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsində ən yüngül cəza (1 ilədək müddətə məcburi fiziki əməklə azadlıqdan məhrum etmə) nəzərdə tutulub.

2002-ci il iyunun 5-də ölkədə “narkotik göbələklər” qeyri-qanuni sayıldı. Onlar Yaponiyada satıla bilməz, qadağandır. Yaponiya narkotik ticarətinə qarşı mübarizə ilə yanaşı, qeyri-qanuni gəlirlərə və leqallaşdırmaya qarşı mübarizə aparmaq üçün güclü mexanizmə malikdir. Hesab edilir ki, qeyri-qanuni gəlirlə mübarizə belə gəlir mənbəyi olan cinayətlərin qarşısının alınması ilə eyni vaxtda həyata keçirilməlidir; qeyri-qanuni gəlirlərin müsadirə edilməsi və pul vəsaitlərinin gizlədilməsinin və çirkli pulların yuyulmasının qarşısının alınması cinayətkarlıqla mübarizə sahəsində ən yaxşı nəticə verir. Cinayətkarı sadəcə cəzalandırmaq kifayət deyil, onu cinayət yolu ilə əldə etdiyi haram oğurluq sərvətdən məhrum etmək lazımdır...

Yaponiyada bank haqqında qanunda bank əməliyyatlarının gizli saxlanılması maddəsi yoxdur. Qaynağı narkotiklərdən gəlməsi şübhəsi olan bank hesabları haqda hakim order verir və təhqiqat orqanları bu hesaba aid məlumatları və sənədləri araşdırır. Beləliklə, cinayətkar mafiyalara aid hesabların izlənməsi asanlaşdırılır. Bu praktika çirkli pulların yuyulmasına nəzarəti təmin edir.

Narkomaniya problemini həll etmək üçün üç amilin eyni vaxtda olması lazımdır: qadağa + əhalinin dəstəyi + yaxşı qurulmuş nəzarət = narkomaniyanın aşağı səviyyəsi.

“Xeyr, Narkotiklərə Qəti Yox” 1997-ci ildən bəri davam edən kampaniyanın adıdır. Kampaniya orta və yuxarı siniflərdən olan tələbələrə ünvanlanır. Onlara çox sadə vasitələrlə, şəkillərlə auditoriyaya narkotikin qadağan və təhlükəli olduğu fikrini çatdırmağa çalışırlar. Təbliğat kitabçalarından biri belə başlayır: “Narkotiklərə “YOX” deyirik, çünki birdən onları qəbul etməyə başlasanız, onlara aludə olacaqsınız, beyniniz çökəcək və psixi pozğunluqlar yaranacaq. Başqa sözlə, narkotik istifadəsi beyninizi məhv edir, hansı ki, beyin insan üçün əsasdır".

Yaponiyada narkomaniya problemi uşaqların çox kiçik yaşlarından əxlaq və tərbiyəsində başlıca məsələdir. Yüksək standartlı təhsil səviyyəsi Yaponiyada kiçik yaşlarından öz vətəndaşlarını “əsl yapon” kimi yetişdirməyə çalışan dövlətin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Uşaqlara nizam-intizamın öyrədilməsi, təhsilə ciddi nəzarət və tədris proqramının tam və hərtərəfli səviyyədə standartlaşdırması dövlətin narkomaniyaya qarşı mübarizəsində önəmli rol oynayır. Bütün bunlar kompleks halda yaponların gənc nəslini milli ruhda tərbiyə etməyə imkan verir.

Bütün informasiya materiallarında texnika eynidir. Bunlar narkotik vasitələrin zərərli təsirlərini və istifadəsinin qanunsuzluğunu izah edir. Gündəlik həyatdan nümunələr gətirilir. Onların məzmunu belədir: hansısa “amfetamin” aludəçisi birinci sinif şagirdini hündür mərtəbəli binanın damından atıb. Başqa bir narkoman balaca qızı öldürdü...

Plakatlar hamısı narkotiklərin mənfi təsirlərini göstərməyə yönəlib. Ölkə üzrə 20 000 təbliğatçı eyni plakatları təbliğ edir. Ola bilər ki, bu məktəblilər üçün İsveçin narkotik əleyhinə təbliğatı ilə müqayisədə sadə görünür. Amma antinarkotk təbliğatçıları tamamilə qanunvericiliyə əsaslanırlar. Narkotiklə əlaqəli hər şey, o cümlədən onların istifadəsi Yaponiyada qadağandır. Həmçinin, narkotik vasitələrin hər hansı yolla reklamı da qadağandır. Əgər çətənə haqda müsbət yazılar yazsanız, cəzalandırıla bilərsiniz. Ancaq bu cinayətə görə kiminsə məhkum olunduğu hallar yoxdur. Necə ki, qadağanı dəstəkləyən xüsusi polis bölmələri yoxdur.

Buna baxmayaraq, Yaponiya hakimiyyəti narkotikin qəti əleyhdarı olduqlarını ictimaiyyətə nümayiş etdirməkdən yorulmur. Məsələn, Yaponiyada qastrol səfərində olan tanınmış əcnəbi sənətçi narkotik tapıldığı üçün saxlanılır.

Narkomanların müalicəsi çox çətindir. Hətta hər hansı bir tibb müəssisəsində müalicə kursundan sonra narkotik zəhərlənməsinin əlamətləri yox olsa da, bu, xəstənin sağalması demək deyil. Yaponiyada bunu yaxşı başa düşürlər.

Yaponiyada məsələyə ictimai təsir bir sıra aspektləri əhatə edir. Bundan biri də BÜYÜK QARDAŞ VƏ BACILAR sinfidir.

Kyotoda, 1947-ci ildə böyük qardaş və bacıların birliyi deyilən yoldaş dəstəyi təşkilatı quruldu. Bu yeni hərəkat gəncləri elə cəlb etdi ki, tezliklə bütün Yaponiyaya yayıldı. Hazırda ölkədə bu assosiasiyanın 17-30 yaşlı 6000-ə yaxın üzvü var və 585 yerli işçi çalışır. Yaşlı bacı-qardaşlar cinayət yoluna təzə qədəm qoymuş gənclərə dəstək olur, qanunsuz əməllərin qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirirlər. Onlar həm könüllülərlə, həm də peşəkarlarla sıx əməkdaşlıq edirlər. Bəzi hallarda polisə və "ailə məhkəmələri"nə kömək edirlər. Ailə şuraları özündə həm hakimiyyət, həm vətəndaş cəmiyyətinin nəzarətini birləşdirir. Yaponiyada ailə şuraları əvvəl İsveçdə olan uşaq nəzarəti komitələri kimidir. Onlar yetkinlik yaşına çatmayanların cinayətləri ilə bağlı müxtəlif məsələlərlə məşğul olurlar. Ailə şuraları təkcə gənclərə deyil, həm də onların valideynləri üçün məsləhətlər vermək səlahiyyətinə malikdir. Bu struktur məhkəmə və həbsdən əvvəl ara mərhələsidir.

İsveçdə məhkəmə instansiyalarında həllini axtaran məsələlər Yaponiya daha aşağı səviyyədə həll olunur. Yəni məhkəməyə çıxmadan cəmiyyətdə, ictimai strukturlarda çözülməyə çalışılır. Adamı son fürsətə kimi kriminal aləmdən uzaq saxlamağa çalışırlar. Ailə şuraları həm də erkən aşkarlama və erkən müdaxilə üçün bir vasitədir. Burada çox sayda ailə böyüklərinin müdaxiləsi gənclər arasında cinayətkarlığın və narkotikdən istifadənin artmasına çəkindirici təsir göstərir.

Bu gün ən böyük məsələlərdən biri internet istifadəçilərini məlumatlandırmaq və maarifləndirmək üçün proqramlardır. Bu qəbildən proqramlar ilk növbədə valideynlər və müəllimlərə, uşaqları qeyri-qanuni məlumatlardan qorumaq yolları, xüsusən də narkotik vasitələri və onların istehsal üsullarını, alınması və istifadəsi haqda məlumatla təmin edir.

Stopnarkotik.az