Vasif Talıbovun vəzifəsini kim tutacaq? - Bir neçə namizəd var...

Sentybarın 1-də Azərbaycan Milli Məclisinə seçkilər keçiriləcək. Qərarın açıqlanmasından sonra Naxçıvan Ali Məclisinin sədri də eyni tarixə seçkilər elan edib. Seçkilərdə Ali Məclisə namizədlər 45 mandat uğrunda mübarizə aparacaqlar. 

Deputatlar majoritar seçki sistemi ilə seçilirlər. Ali Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Bəs Naxçıvan Ali Məclisinin sədri kim olacaq?

Stopnarkotik.az xəbər verir ki, modern.az-ın məlumatına görə, Naxçıvan MR-in Konstitusiyasına görə, Ali Məclisin sədri muxtar respublikada ali vəzifəli şəxsidir.

Naxçıvan Ali Məclisinin sədri bu qanunverici orqan tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. Yaşı 30-dan aşağı olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində 5 ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan MR Ali Məclisinin hər bir deputatı sədr seçilə bilər.

Konstitusiyaya görə, sədr Naxçıvan MR Ali Məclisi tərəfindən geri çağırıla bilər.  Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir. Sədrin vəzifədən kənarlaşdırılması qaydası isə qanunverici orqanın Daxili Nizamnaməsi ilə müəyyən edilir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 4 nəfər rəhbərlik edib.

Afiyəddin Cəlilov noyabr 1990 – aprel 1991 tarixlərində Naxçıvan MR Ali Məclisinin sədri olub. O, 1992-ci ildən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini seçilib. Vitse-spiker 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib.

Heydər Əliyev 3 sentyabr 1991 – 15 iyun 1993-cü il tarixləri arasında Naxçıvan Ali Məclisinin sədri olub. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev, iyulun 24-də parlamentin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib.

Aprel 1994 – iyul 1995-ci il tarixlərində Naxçıvan Ali Məclisinin sədri Namiq Həsənov olub. O, 1995-ci ilin iyulunda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilib və 2000-ci ilin yanvarına kimi orada çalışıb. N.Həsənov 2020-ci ilin 8 sentyabr tarixində vəfat edib.

Vasif Talıbov 16 dekabr 1995-ci ildən Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyib. O, ötən il vəzifədən uzaqlaşdırılıb.

Hazırda Ali Məclis sədrinin səlahiyyətlərini müavin Anar İbrahimov icra edir.

Qeyd edək ki, Vasif Talıbov növbəti seçkilərdə nə Naxçıvan Ali Məclisinə, nə də Milli Məclisə namizəd olmayıb.

Mətbuatda Naxçıvan Ali Məclisinin sədri postuna bir neçə şəxsin adı çəkilir. Ancaq kimin sədr olacağını indidən proqnozlaşdırmaq çətindir…