Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etməsi vəzifə kimi müəyyənləşib.
Belə ki, Milli Məclisin Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, parlamentin spikeri Milli Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Milli Məclisin 15 iclasında üzrsüz səbəbdən iştirak etməyən Milli Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edə bilər.
Parlamentdə 1 saylı Şərur-Sədərək seçki dairəsini təmsil edən deputat Vasif Talıbovun iclaslarda iştirak etməməsi də ictimaiyyət tərəfindən müzakirə olunan mövzudur. Belə olan halda deputatın mandatının ləğv olunub-olunmaması gündəmdədir.
Modern.az bununla əlaqədar olaraq Milli Məclisin İntizam komissiyası ilə əlaqə saxlayıb.
Komissiyanın sədr müavini Fəzail Ağamalı sayta açıqlamasında bildirib ki, əgər hər hansı deputat Milli Məclisin iclaslarında iştirak etmirsə, deməli, üzrlü səbəbləri var:
“Bunu nəzərə alaraq, Milli Məclisin rəhbərliyi İntizam komissiyasına müraciət etməyib. Vasif Talıbov ilə bağlı isə hər hansı bir söz deyə bilmərəm. Çünki onunla bağlı hər hansı sənəd komissiyamıza daxil olmayıb”.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədri Milli Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Milli Məclisin 15 iclasında üzrsüz səbəbdən iştirak etməyən Milli Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edir.
İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Milli Məclisin müzakirəsinə çıxarır. Bu məsələyə Milli Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra, İntizam komissiyasının üzvlərinə suallar verə və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.
Xatırladaq ki, 2022-ci ilin dekabrın 21-də Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. O, 1995-ci ilin dekabrın 16-dan istefa verdiyi günə qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub.