Vardanyanı hansı cəza gözləyir? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Sentyabrın 27-də “Laçın” dövlət sərhəd buraxılış məntəqəsindən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələn qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. 

O, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. 

Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ələsgər Əhmədoğlu bildirib ki, ilk növbədə Vardaryana sərhəd-keçid məntəqəsi olmayan ərazidən keçmək istəməsi ilə bağlı ittiham irəli sürüləcək: 

"Rəsmi açıqlamadan belə aydın olur ki, o, Azərbaycan sərhədini qanunsuz keçdiyi üçün saxlanılıb. O, polis olmayan ərazidən keçmək istədiyi üçün qanunsuzluq etmiş olur. İlk növbədə ona qarşı ittiham bu olacaq. O, Rusiya vətəndaşıdır, siyasi razılaşma olub Rusiyaya təhvil verilməzsə, ən azından rəsmi ittihamı ilkin olaraq bu olacaq. Amma bundan əlavə Vardaryan qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində də çalışıb. Əgər bunu qanunsuz hərbi birləşmə hesab etsək, bu zaman qanunsuz hərbi birləşmələrdə iştirak etmə və təşkiletmə maddələri də qaldırıla bilər. Amma rəsmi məlumatlardan anlaşılan odur ki, Vardaryana sərhəd-keçid məntəqəsi olmayan ərazidən keçmək istəməsi ilə bağlı ittiham irəli sürüləcək.  

Bundan başqa, o, 2020-ci il 44 günlük müharibədən sonra bölgəyə daxil olduğu üçün ona qədərki proseslərlə bağlı yəqin ki, hər hansı ittiham irəli sürülməyəcək". 

Ekspert Vardaryanın həbs olunması ehtimalından da danışıb:

"Hələ ki, irəlini görmədən prosesi ifadə etmək çətindir. Çünki Azərbaycan həm də elan edib ki, Qarbağda amnistiya edəcək. Bu xüsusən də hərbi cinayətlərə imza atmayanlar üçün keçərlidir. Bu aspektdən baxsaq, onun Qarabağda vəzifədə olduğu müddət ərzində hər hansı cinayət ittihamında adı keçmirsə, yəqin ki, həbs olunmayacaq".