Xəbər verdiyimiz kimi, "Dağlıq Qarabağ Respublikasının Dövlət naziri" Ruben Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb.Belə ki, Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bəs görəsən çoxsaylı cinayət əməllərində təqsirləndirilən Vardanyanı hansı cəza gözləyir?
Stopnarkotik.az xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev "Unikal"a açıqlamasında bildirib ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 214-1-ci, yəni terrorçuluğu maliyyələşdirmə əməli ilə bağlı əmələ görə əmlakı müsadirə olunmaqla on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
"Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində və müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə ilə törətmə adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olması əməlləri ilə bağlı isə şəxsə qarşı CM-nin 279.3-cü maddəsi ilə ittiham verilib. Bu əməllərə görə, onu on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
Bundan başqa, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə də min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub", - deyə vəkil qeyd edib.